Artıq 2023-cü ilə qədəm qoymuşuq. Hər bir sahədə olduğu kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Agentliyi tərəfindən yeni ildə müəyyən proseslər həyata keçirilərək, yeniliklərin tətbiq olunması nəzərdə tutulur. Bəs gəlin görək ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, sədrləri 2023-cü ildə bu sahədə hansı yeniliklərin olmasını gözləyirlər? Dünya praktikasına əsasən, məhz bu sahə üzrə nələr tətbiq edilməlidir? Mövzu ilə əlaqədar olaraq SİA QHT rəhbərləri arasında sorğu keçirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov: “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlətin siyasi rəhbərliyi tərəfindən çox böyük önəm verilir. Bununla bağlı, eyni zamanda, Azərbaycan dövləti demokratik dəyərlərə, əsas insani haquqlarına, söz və ifadə azadlığına böyük önəm verir. Bu baxımdan da, vətəndaş cəmiyyətinin rolunun artırılması olduqca vacibdir. Hesab edirəm ki, bununla əlaqədar olaraq ölkəmizdə siyasi iradə mövcuddur. Vətəndaş cəmiyyətinin inkişafı məqsədi ilə hüquqi normativ bazaların möhkəmləndirilməsi istiqamətində kifayət qədər işlər görülmüşdür. Bu işlər bu gün də davam etdirilir. Digər tərəfdən, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasi 2020-ci ldə qəbul olunaraq dövlətin dəstəyinin əsas prioritet istiqamətləri bu konsepsiyada qeyd olunmuşdur. Konsepsiyada mövcud iqtisadi inkişaf mərhələsində vətəndaş cəmiyyətinin fəaliyyətinə köməyin göstərilməsində dövlətin maraqlarının imkanlarını daha da genişləndirir. Bu baxımdan da, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasətinin təkmilləşdirilməsinə zərurət vardır. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin həm də məqsədləri cəmiyyətimizdə yeni münasibətlərin formalaşması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması, əslində, qeyri-hökumət təşkilatları tərəfindən təşviq edilməsi, qeyri-hökumət təşkilatlarının sosial problemlərinin həll olunması, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələrin hazırlanmasında, eyni zamanda, icrasında qeyri-hökumət təşkilatlarının cəlb edilməsi olduqca vacibdir. Hesab edirəm ki, bu istiqamət üzrə müəyyən işlər görülür, kifayət qədər də bununla bağlı siyasi baxış bəllidir. Təsadüfi deyil ki, cənab Prezidentin məhz fərmanı ilə 19 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin Şurası əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradıldı. Agentlik təkcə milli donor institutu olaraq deyil, yeni formatda qeyri-hökumət təşkilatlarının iqtisadi, dövlət, özəl qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təşkili və təşviqi və s. istiqamətdə fəaliyyət göstərir. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarına maddi baxımdan maliyyə ayrılır və qeyd etdiyim məqamların inkişafı üçün əlbəttə ki, dövlət qurumu olaraq işlər görür.
Fikrimcə, artıq müasir dövrümüzdə yeni texnologiyaların tətbiqi, eyni zamanda, kifayət qədər cəmiyyətin yeni çağırışları mövcuddur. Həmçinin, sürətlə dəyişən dünyanın istəkləri, iqlim dəyişiklikləri, miqrasiya məsələləri, Covid-19 pandemiyasının gerçəklikləri, müharibə dəhşətləri, enerji böhranı və s. bu kimi məsələlərdə vahid məqsədlər naminə vətəndaş cəmiyyətinin səfərbər olması, dəyişikliklərə adekvat seçim imkanların düzgün müəyyənləşdirilməsi olduqca vacibdir. Vətəndaş cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdən biri də dövlətimizin milli maraqlarının qorunub-saxlanılması, beynəlxalq aləmdə işıqlandırılması, alternativ hesabatların hazırlanaraq beynəlxalq təşkilatlara təqdim olunmasıdır. Bu istiqamətdə dövlətin həm də QHT-lərdən gözləntiləri var. Əlbəttə ki, milli dövlətçilik maraqlarından çıxış edərək qeyri-hökumət təşkilatları bütün fəaliyyətini bu prizmadan həyata keçirməlidir. Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması istiqamətində işlər görülməlidir. Post-müharibə çağırışları mövcuddur və bunların bir çox məsələlərdə QHT-lərin daha aktiv şəkildə bu proseslərə diktə olunmasına dəvət edirik. 30 ilə yaxın bir müddətdə Azərbaycan ekologiyasına dəymiş ziyanın miqyasının qiymətləndirilməsi, eyni zamanda, xarici təşkilatların da cəlb olunması baxımından qeyri-hökumət təşkilatları fəaliyyət göstərməlidirlər. Azərbaycanda kifayət qədər mina təhlükəsi qalmaqdadır. Məhz bununla bağlı Azərbaycan QHT-ləri öz səslərini beynəlxalq aləmə çatdırmalıdırlar”.
Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov: “Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının yaranması və fəaliyyətinin ilbəil genişlənməsi 1988-ci ldən başlayıb. Mənfur qonşularımızın iddiası ilə əlaqədar ölkəmizdə bir sıra cəmiyyətlər, dərnəklər, 1989-cu ildən isə bu cəmiyyət və dərnəklərin əksəriyyətini ətrafında toplayan, bütün xalqın istək və arzularının vahid mərkəzdən idarəçiliyini həyata keçirməyə başlayan Azərbaycan Xalq Cəbhəsi yaradıldı. Bütün qüsurları, yanlışlıqları ilə bərabər həmin təşkilatlar Kommunist Rejimi dövrünün başa çatmasına, azad, demokratik vətəndaş cəmiyyəti institutunun formalaşmasına ciddi təkan verdi. Müstəqillik əldə edildikdən sonra, xüsusilə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sektora xüsusi diqqət ayrıldısa da, hələ də sovetlər birliyinin ideologiyasından tam qurtula bilməyən xalqımız vətəndaş cəmiyyətinin formalaşmasında büdrəmələrə yol verirdi. Nəhayət, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sektorun inkişafına xüsusi önəm verməklə, onu dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, cəmiyyətin idarə edilməsinin mühüm strukturlarından biri kimi fəaliyyətinin genişlənməsinə şərait yaratdı. Nəticə göz qabağındadır. Bu gün QHT sektoru Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğində, milli dəyərlərin qorunması və inkişafında, erməni işğalı nəticəsində dəymiş zərərlərin öyrənilməsi və hüquqi qiymətin verilməsin də, ekologiya, ailə münasibətləri, zərərli vərdişlərə qarşı mübarizə və digər sahələrdə dövlətin apardığı siyasətə mühüm töhfələr verir.
Bütün bunlarla yanaşı, Azərbaycan QHT-lərinin hələ də inkişaf etmiş dünya dövlətlərinin vətəndaş cəmiyyətləri sektorları ilə müqayisədə xeyli geri qaldığını etiraf etməliyik. Dünya erməni diasporunun apardığı anti-Azərbaycan və anti-Türk təbliğatına qarşı hələ də adekvat tədbirlər qura bilmədiyimizi deməliyik. Səbəb isə odur ki, QHT-lər beynəlxalq aləmdə lazımi işləri görmək üçün istənilən maliyyə imkanlarına malik deyil. Hesab edirəm ki, Azərbaycanın biznes sektoru ilə QHT sektorunun birgə fəaliyyətləri təşkil edilməlidir. Bəzən hətta hansısa bir ciddi məsələ ilə bağlı QHT-lərə dəstək olmaq istəyən biznes qurumları, müvafiq dövlət qurumlarının razılığını tələb edirlər. Eynilə, xarici donorların da Azərbaycanın QHT-lərinə dəstək olmalarına, hazırkı qanunvericilik mane olur. Hesab edirik ki, bu cür bürokratik maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi xəttilə QHT-lərin çoxsaylı layihələri maliyyələşdirilir. Lakin agentliyə büdcədən ayrılan vəsaitin məbləğinin az olması nəticəsində irihəcmli layihələri maliyyələşdirmək bu qurumun imkanı xaricindədir. Hesab edirik ki, dövlət büdcəsini tərtib edərkən Azərbaycan Respublikasının Nazirlər Kabineti bu faktı nəzərə almalıdır. Daha bir problem, QHT-lərin araşdırmalar nəticəsində əldə etdikləri faktlara əsasən, müvafiq sahələrdəki qüsurlarla bağlı verilən təkliflərə dövlət qurumları həddən artıq etinasız yanaşırlar. Eləcə də, ayrı-ayrı QHT-lərdə yaranan beyin mərkəzlərinin təhlillərinə, təkliflərinə də belə münasibət mövcuddur. Düşünürəm ki, vətəndaş cəmiyyətinin, ümumən cəmiyyətin inkişafı naminə irəli sürülən təkliflər dövlət qurumları tərəfindən diqqətə alınmalı və nəticəsi də ortaya qoyulmalıdır. Nəhayət, QHT sektorunda çalışan insanlara münasibət haqqında. Ölkədə bütün sahələr üzrə müxtəlif dövlət təltifləri var və bu təltiflər həmin sahələrdə fəallığı ilə seçilən insanlara verilir. Yaxşı olar ki, "Fəal İctimaiyyətçi", "Əməkdar İctimai Xadim" kimi fəxri adlar təsis edilsin. Uzun müddət QHT sektorunda milli və dövlətçilik baxımından faydalı əmək sərf etmiş insanların bu adlarla təltif edilməsi sektorun inkişafında mühüm rol oynaya bilər. Həm də həmin adlarla təltif olunmuş fəalların təqaüdünə də bu adlara görə müəyyən məbləğdə əlavələr nəzərdə tutulsun. Bu sektordan təqaüdə çıxanların tam əksəriyyəti minimum pensiya ilə təmin edilirlər ki, QHT sektoruna marağı azaldır. Nəzərə alınmalıdır ki, başqa sahədə işləmədən yalnız QHT sektorunda fəaliyyət göstərən ictimai fəallar heç də bütün əmək fəaliyyətinə görə haqq almır, daha çox haqqı ödənilməyən fəaliyyətlə məşğul olurlar. Ona görə də bu fakt təqaüdə çıxarkən müstəsna hal kimi nəzərə alınmalıdır”.
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu: “Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyi 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu zaman çərçivəsində bütün ictimaiyyətin marağına səbəb olan müsbət addımlar atıb. Bildiyiniz kimi, agentlik əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adlanırdı. Düşünürəm ki, burada təkcə ad dəyişikliyi baş vermədi. Həmçinin həqiqətən fəaliyyətdə də müsbət və dinamik inkişafın olduğunu biz yaşayıb, şahidi oluruq. Bunları müsbət hal kimi xarakterizə etmək lazımdır. Xüsusən də, ekoyönümlü QHT-lər Laçın-Xankəndi yolunda könüllü aksiya təşkil elədilər. Bu aksiya hələ də davam edir. Burada QHT-lərin vətəndaş cəmiyyətinin nə qədər vacib bir sfera olduğunun, eyni zamanda, nə dərəcədə güclü kontingentə sahib olduğunun şahidi olduq. Agentlikdə bu və ya digər bir formada bu aksiyalara dəstək verdi. Agentliyin fəaliyyəti təbii ki, qrant müsabiqələr elan edərək, qiymətləndirmə aparır. Həmçinin, onların özlərinin də tədbirləri və ya digər layihələri olur. Biz qeyri-hökumət təşkilatlarıyıq bizim doğma donorumuz da QHT Agentliyidir. Biz dövlətimizin, vətənimizin, cəmiyyətimizin bizə ehtiyacı olduğu dövrlərdə nə lazımdırsa o addımı atırıq. Təbii ki, bir sıra addımları atmağa ehtiyac var. İlk dəfədir ki, QHT Agentliyi Azərbaycanda böyük qrant layihə elan etdi, mükafat 50 min manat civarında idi. Təbii ki, bu layihədə 22 təşkilat qalib oldu. Mən istərdim ki, bu tipli layihələrin masştampı genişlənsin. Həmçinin, daha çox qeyri-hökumət təşkilatlarının qalib gəlməsinə şərait yaradılsın. Qeyri-hökumət təşkilatlarının fəaliyyətləri analiz olunaraq təsnifatlandırılmalıdır. Qeyri-hökumət təşkilatlarına maddi cəhətdən dəstək verilsə, daha keyfiyyətli işlər ortaya çıxa bilər. Azərbaycanda 12 dövlət qurumunun qrant layihələrin həyata keçirdikləri barədə danışıqlar aparılsa da, bu layihələrin nə zaman icra olunması barədə heç bir məlumat yoxdur. Bu qurumların hər biri açıq şəkildə bu layihələri elan etməli və iştirakçılarının sayı artırılmalıdır. Təbii ki, belə layihələr qeyri-hökumət təşkilatlarının fəaliyyətini genişləndirərək, onlara maddi dəstək vermiş olur. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi çox fərqli şəkildə fəaliyyət göstərir, məhz bu baxımdan qeyd etdiyim istiqamətlərdə də müəyyən təkmilləşdirilmə işlərinin aparılacağına inanıram”.