YAP Sabunçu rayon təşkilatına yeni təyin olunmuş sədrin təqdimatı olub - FOTOLAR

6 Yanvar 2023 16:13 (UTC+04:00)

5 yanvar 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının yeni təyin olunmuş sədri Araz Xudadanov ərazi partiya təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilən yığıncaqda yerli təşkilatların partiya aktivinə təqdim olunub. SİA xəbər verir ki, əvvəlcə rayon təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından bəhs edib, partiyamızın fəallarının ölkəmizin nailiyyətlərinin təbliği işində aktiv şəkildə iştirak etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, YAP-ın VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni nizamnamənin qəbulu təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşıyır.

Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayon təşkilatının yeni sədrini təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Araz Xudadanov göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirərək qeyd edib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. Partiya rəhbərliyinin qarşıya qoyduğu tapşırıqların və tövsiyələrin yerinə yetirilməsi rayon təşkilatının bundan sonra da başlıca vəzifəsi olacaq.

Daha sonra çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan genişmiqyaslı layihələrdən bəhs etdi.

Çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədov partiya üzvlərinin daha da aktiv olmasını arzuladığını qeyd etdi.

Çıxış edən Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vəli Qaraçaylı vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da böyük nailiyyətlərə imza atacaq.