Geridə qoyduğumuz 2022-ci il bir çox sahələrdə Azərbaycan üçün olduqca uğurlu il oldu. Biz də SİA olaraq təhsil sahəsindəki uğurlarımız barədə sorğu hazırladıq:
Təhsil eksperti İlqar Orucov:
“2022-ci ili təhsilimiz üçün uğurlu il hesab etmək olar. Bu il ərzində təhsil sahəsində bir çox ilklərə imza atıldı, nail olundu.
Nazirliyin adının dəyişdirilməsi və fəaliyyət istiqamətlərinin kifayət qədər genişləndirilməsi atılan ən vacib addımlardan biri idi. Bunun nəticəsində bir çox elm institutları AMEA-nın tərkibindən çıxarılaraq, nazirliyin tabeliyinə verildi. Eyni zamanda nazirliyin tərkibində iki agentliyin fəaliyyətinə də start verildi. Yaxın günlərdə bu iki agentliyin yaranması ilə bağlı konkret işlərin görülməsinin şahidi olacağıq.
Bu il ilk dəfə təhsilverənlərin sertifikasiyası prosesinə başlanıldı.
Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illəri əhatə edən dövlət proqramı imzalanıb. Bu proqram ilə 15 ixtisas üzrə dünyanın 18 ölkəsinin 111 universitetində təhsil almaq hüququ qazanan gənclərin müəyyənləşdirildi. Burada da dövlət proqramında nəzərdə tutulduğu kimi magistrlərin sayı bakalavr pilləsində təhsil almağa göndərilənlərin sayından 3 dəfədən bir qədər çox olmaqla üstünlük təşkil etdi.
Qeyd olunması vacib məqamlardan biri də ASAN Xidmət mərkəzlərində təhsil xidmətlərinin həyata keçirilməsinin təmin edilməsi oldu.
İşğaldan azad olunmuş ərazilərdə bizim ilk məktəblərimizin açılması da təhsil sahəsindəki böyük uğurlarımızdan idi.
Ümumilikdə 2022-ci il təhsilimiz üçün olduqca uğurlu bir il oldu”.
Millət vəkili Anar İsgəndərov:
“Təhsil dünyanın hər bir ölkəsində həmin ölkə üçün aynadır. Təhsil hər bir xalqın qazandıqlarının hesabatıdır. O cümlədən Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra təhsil sahəsində də kifayət qədər uğurları olub. Hər şeydən əvvəl təhsil haqqında qanun qəbul olunub. Yəqin ki, bu yaxınlarda ali təhsil haqqında qanun qəbul olunacaq.
Azərbaycanın həm orta, həm də ali məktəblərində təhsilin magistratura və doktorontura pilləsində Azərbaycan dünyanın təhsil sahəsində hansı uğurları varsa, Azərbaycan da həmin uğurlara imza atıb.
Müəllim kontingenti, saxta diplomlar və s. bu kimi problemlərin hər biri öz həllini tapır. Hazırda məktəblərimiz dünyanın ən nüfuzlu məktəbləri ilə rəqabətə girə bilir.
Ali məktəblərin də bu sahədə böyük uğurları var. Azərbaycan təhsil almaq üçün dünyanın ən nüfuzlu ali məktəblərinə hər il yüzlərlə gənc göndərir. Bütün bunlar təhsilimizin nə qədər inkişaf etdiyinin göstəriciləridir”.