Ermənistan hərb meydanında, diplomatiyada uduzduğu kimi, zamana da uduzur, hər ötən gün işğalçı ölkəni içəridən hissə-hissə çürüdür. 30 illik işğal Qarabağı Azərbaycandan ayıra bilmədi, həm də beynəlxalq qanunlar və münasibətlər, ölkələrin ərazi toxunulmazlığı prinsipi buna imkan vermədi. Ermənistan 30 il ərzində Qarabağı özəlləşdirə, o cümlədən dünyanın bir subyekti kimi tanıya və tanıda bilmədi, buna cəsarəti çatmadı. İrəvanın çətiri altında olan ermənilər müstəqillik iddiasına yalnız Azərbaycanın bütün sahələrdə təzyiqləri artan zaman düşürdülər. Sonradan məlum olacaqdı ki, əslində Qarabağ Qarabağdan kənarda yaşayan ermənilərə bir ərazi kimi lazım deyilmiş. Bunu Paşinyan da çıxışlarında dəfələrlə söyləyib. Bəziləri Paşinyanın ağıllandığını düşünə bilər, amma bu, belə deyil. Paşinyanın Qarabağdan talanan sərvətlərdə payı olmadığı üçün bu yükdən, Qarabağ problemindən qurtulmağa, bu “ağır daş”I erməni xalqının boynundan qoparmağa çalışır. Əgər Ermənistanın baş nazirinin ikinci və üçüncü prezidentlər kimi bu sərvətlərdə payı, umacağı olsaydı, yəqin ki, mənzərə fərqli olardı. Əslində ermənilər Qarabağı və ətrafındakı 7 rayonu ona görə işğal etmişdilər ki, Azərbaycana məxsus bu torpaqların yeraltı sərvətlərini talasınlar. 30 il ərzində bu torpaqlarda bir binanın belə inşa edilməməsi, ermənilərin sosial problemlərinin həll edilməməsi deyilənlərə sübutdur…
Ermənistana uzanan sülh əli hələ ki, havada qalıb, İrəvan yaranmış tarixi fürsəti boşa verməkdədir. Kənar oyunçulardan qurtula bilməyən Ermənistan “sülh müqaviləsi” adlanan sənədə hər gün bir əlavələr etməklə vaxtı uzadır. Əlbəttə, bütün bunlar ona görə deyil ki, İrəvan sabah masaya daha tutarlı sənəd qoyacaq. Əksinə, Ermənistan hakimiyyəti bütün zamanlarda olduğu kimi, bu gün də onun əvəzində bütün bu problemləri həll edəcək birini gözləməkdədir. Bu, Fransa da, ABŞ da, Rusiya da, Avropa İttifaqı da və hətta İran da ola bilər. Halbuki, problemin vasitəçilərsiz həll edilmə variantını və həm də beynəlxalq norma və prinsiplərə söykənən sənədi Azərbaycan təqdim edib. Amma xəyanətkar Ermənistan o qədər xofludur ki, Bakının təqdim etdiyi və beynəlxalq ekspertlərin də təqdir etdiyi sənədə şübhə ilə yanaşır. İki dəfə, sentyabr və dekabr aylarında özünü Ermənistanın himayədarı, bəziləri tərəfindən isə “böyük bacı” adlandırılan Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamələr qəbul etmək cəhdi də fiaskoya uğradı. İrəvan bütün bunlara rəğmən möcüzənin olacağını gözləməkdədir. Vaxt isə gözləmir, məğlub Ermənistan qısa müddət ərzində Azərbaycanın sülh çağırışlarına reaksiya verməlidir, əks təqdirdə…
Bu arada isə Azərbaycanla Ermənistan arasında növbəti və 44 günlük müharibədən heç də geri qalmayan, lakin qısamüddətli müharibənin olacağı barədə məlumatlar dolaşır. Xəbərin mənbəyi də okeanın o tayındadır. Müharibənin nə vaxt başlayacağı barədə hələlik heç bir tarix qeyd olunmayıb. Hələlik bütün diqqət Ukraynadakı müharibəyə fokuslanıb. Ermənistanla Azərbaycan arasında müharibənin anonsunu verənlər isə Rusiya-Ukrayna savaşının Cənubi Qafqaz münasişəsinə təsiridən danışırlar. NATO-nun baş katibi Yens Stoltenberq Qərb ölkələrini Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmağa çağırıb. Bazar günü BBC-nin Britaniya Yayım Korporasiyasına verdiyi müsahibədə o, "Biz uzun bir səyahətə hazır olmalıyıq" deyən Stoltenberqin fikrincə, Rusiya Ukraynadakı məqsədlərindən əl çəkmək niyyətində deyil.
Stoltenberq hesab edir ki, Rusiya Federasiyasındakı səfərbərlik Rusiya qoşunlarının mümkün yeni hücum cəhdindən xəbər verir. Moskva ilə Kiyev arasında sülhün bağlanmasının mümkünlüyündən danışan NATO-nun baş katibi münaqişənin nizamlanmasına dair razılaşmanın şərtlərinin döyüş meydanındakı vəziyyətdən asılı olacağını vurğulayıb. İndi Rusiyanın xeyrinə deyil, yumşaq desək, inkişaf edir.
Xüsusən də Ukrayna ordusunun Donetsk şəhəri ətrafıdakı Makiyevka qəsəbəsində rus əsgərlərinin yerləşdiyi kazarmaya endirdiyi zərbə nəticəsində yüzlərlə insan həlak olub. Ukrayna ordusunun Strateji Kommunikasiyalar İdarəsi 400 nəfərin öldüyünü bildirib. Rusiya tərəfi, əlbəttə, qurbanların sayını əhəmiyyətli dərəcədə azaldıb, lakin bu, gözlənilən idi. Hər halda, Rusiya dayanmaq fikrində deyil və bu, Kremlin təbliğatının səsləndirdiyi fikirlərdən görünür. Teleaparıcı Vladimir Solovyov həmvətənlərini 2023-cü ildə qalib gələcəklərinə inandırır. Üstəlik: "Ölümdən qorxmaq lazım deyil, çünki həyat çox qiymətləndirilir - hamımız Cənnətə gedəcəyik!" deyə zarafat edib. Bəli, ruslar ölümə belə hazırlanırlar.
Bunun fonunda Amerikanın “Foreign Policy” analitik nəşri Ukraynadakı müharibə ilə yanaşı 2023-cü ildə 10 hərbi münaqişənin olacağını proqnozlaşdırıb və Azərbaycan-Ermənistan münaqişəsinə xüsusi diqqət yetirib. Azərbaycan-Türkiyə tandemi və Ermənistan barədə proqnozlar da öz yerində. Ekspertlərin fikrincə, yeni müharibə olacaq, lakin bu müharibə 2020-ci ildəkindən qısa olacaq, lakin az dramatik olmayacaq. Bununla yanaşı, “Foreign Policy” hesab edir ki, güc balansı Azərbaycanın xeyrinə dəyişib. Ermənistan ordusu isə nə qoşunlarını, nə də silahlarını artıra bilməyib, Azərbaycan isə əksinə, sürətlə silahlanıb.
Nəticədə məlum olur ki, Azərbaycan ordusu erməni ordusundan bir neçə dəfə üstündür, xarici partyorları ilə sız əlaqələr səbəbindən silah sarıdan xeyli yaxşı təchiz olunub və dəstəklənib. Azərbaycan tərəfi bu faktı heç vaxt gizlətməyib. ABŞ və Çin bu və ya digər dərəcədə Azərbaycanı dəstəkləyir. Fransa isə əksinə, Ermənistanı dəstəkləyir, lakin konkret addımlar atmaq fikrində deyil. Əksinə, Fransa prezidenti Emmanuel Makron Ermənistana KTMT-də, yəni həm hərbi, həm də maliyyə baxımından günü-gündən zəifləyən Rusiyanın təsir zonasında qalmağı məsləhət görür.
“Foreign Policy”nin qeyd etdiyi kimi, Avropanın Azərbaycan qazına artan tələbatı da Bakını daha böyük layihələr həyata keçirməyə həvəsləndirir. Bəli, Aİ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rola görə təqdir etməkdədir. Rusiya isə Bakının müstəqil hərəkət etməsini dayandırmaq üçün heç bir iş görmür. İrəvanın iddasına görə isə bu, anti-Rusiya yönümlüdür. “Foreign Policy” məlumat verir ki, Qarabağda yerləşdirilən və sülhü qorumaq üçün nəzərdə tutulmuş Rusiya hərbi kontingenti öz aktuallığını itirir. Azərbaycan bölgədə imkanlarını getdikcə artırır, Laçın yolunda nəzarəti ələ keçirməkdədir, Ermənistanla sərhəddə üstünlük əldə edib və Zəngəzur dəhlizinin açılması üçün bir an belə təzyiqini azaltmır.
Bəli, bu, “Foreign Policy”nin proqnozudur. Müəyyən dərəcədə qeyri-dəqiq də ola bilər. Amma ümumiyyətlə, bu, aşkar tendensiyaları əks etdirir. Ermənistan yenidən ərazi və insan itkiləri vermək riski ilə üz-üzədir. Göründüyü kimi, dünyada heç bir dövlət Ermənistana açıq şəkildə hərbi yardım və ordu ilə dəstək verməyə hazır deyil. Hamı Ukraynadakı müharibəyə köklənib. Zaman Bakı və Ankaranın xeyrinə işləyir. Baş verən və proqnozlaşdırılan hadisələr fonunda Ermənistan cəmiyyətində isə fərqli yanaşmalar var. Ermənilər hesab edirlər ki, rusların etdiyi xəyanətin cəzası verilməlidir. Belə ki, Ermənistan ilk növbədə Putinin bütün layihələrindən imtina etməli, Aİ və NATO-ya üzvlük istiqamətində birbaşa kurs tutmalıdır. Ermənistandakı rusiyayönlü beşinci kolon isə hazırkı hakimiyyətə qarşı hücuma keçərək onları “ölkəni Rusiyadan qoparmaq” istəməkdə ittiham edib. Onlar deyirlər ki, Mirzoyanın Moskvaya getməkdən imtina etməsi və Paşinyanın Qarabağdakı rus sülhməramlılarına qarşı ittihamları bir növ Moskvaya demarşdır. Məsələn, politoloq Armen Aşotyan mətbuat konfransında bəyan edib ki, Ermənisyanın baş naziri Nikol Paşinyan Azərbaycan tərəfi ilə birgə Laçın yolunda Rusiyanı gözdən salmaq planını işə salıblar. "Bu oyunun məqsədi Rusiyaya təkcə reputasiya və uzunmüddətli geosiyasi zərbələr vurmaq deyil. Rusların xəyanətindən yorulub Qərbə üz tutan, xarici siyasətini kor-koranə Moskvanın arxasınca getməkdən ilk növbədə Paris və Vaşinqtonla sıx əlaqələr qurmağa doğru formatlaşdıran Ermənistanı qaçılmaz olaraq itirirlər. Və bu tamamilə məntiqli bir hərəkətdir. Fransada tanınmış onlarla məşhur ən böyük KİV-lərindən birində məqalə dərc edərək Qarabağdakı ermənilərə dəstək veriblər. Bundan əlavə, Fransanın əsas siyasi partiyalarının liderləri gündəlik Le Monde qəzetində birgə açıq məktub dərc edərək, ölkə prezidentini Qarabağ və Ermənistanın təhlükəsizliyini təmin etmək üçün müdaxilə etməyə çağırıblar. Fransa həm Ermənistanı, həm də Qarabağdakı erməniləri müdafiə etmək üçün bu qədər cəhdlər edir”, Aşotyan bildirib.
Konstantin Zatulin, Mixail Aleksandrov, Yevgeni Satanovski kimi ermənipərəst siyasətçilər və Rusiyanın bəzi nümayəndələri Qarabağdakı erməni separatçılarının müdafiəsinə çıxıblar. Hətta, Marqarita Simonyan, Ara Abrahamyan kimi erməniləri “ağzına su almaq”da ittiham edən Ermənistan cəmiyyəti onları Rusiyada sahib olduqlarını itirməkdən qorxduqları üçün bu addımı atdıqları qənaətindədirlər. Ermənilər düşünürlər və qəti olaraq əmindirlər ki, dünya ölkələri onların atdığı bütün addımları dəstəkləməyə borcludurlar. Ermənilər Rusiyanı, xüsusilə də Putini o borclular siyahısında, həm də ön sıralarda görürlər. Düşünürlər ki, nəyin, yaxud nələrin baş verməsindən asılı olmayaraq Rusiya bütövlükdə və bütün imkanlarından istifadə etməklə Ermənistanı qorumalı, ona dəstək olmalı, yeri gələndə isə onun əvəzinə bütün hərbi arsenalı ilə müharibə aparmalıdır. Rusiyada isə başqa fikir dominantlıq edir, xüsusilə də Moskvanın dövlət, ruaların isə milli maraqları.
Rusiya ictimaiyyəti və Rusiya siyasətçiləri tərəfindən uzun illər Qafqazda Rusiyanın “for-post”u adlandırılan Ermənistanın düşdüyü faciədə günahkar axtarışında ermənilər hələ də kənar qüvvələri hədəf seçirlər. İşğalın 30 il sürməsi, dünya birliyinin bu cinayətə susması, Azərbaycan ərazilərindən təbii sərvətlərimizin xarici şirkətlər tərəfindən talan edilməsi də Ermənistana verilən dəstək hesabına mümkün olub. Ermənistanın bütün cinayətlərində həmin ölkə və güclərin də payı var. Bu gün reallığı dərk edən, Azərbaycanın gücü qarşısında geri çəkilən xarici qüvvələri Ermənistan cəzalandırmaq istəyir. Ermənistanın rəsmi və qeyri-rəsmi dairələrində Rusların xəyanətinin cəzasız qalmayacağı çağırışları eşidilməkdədir. Həmin qüvvələr Putinin Ermənistanla bağlı bütün layihələrindən əl çəkməsini istəyir, əks təqdirdə Aİ və NATO-ya üzvlük istiqamətində birbaşa kurs tutacaqları xəbərdarlığını edirlər. Növbəti addım kimi Rusiya hərbçilərini Ermənistandan və daha sonra Qarabağdan çıxarmaqla hədələyirlər. Onların yerini isə beynəlxalq qüvvələrin, ilk növbədə, Fransa və ABŞ-ın hərbçilərinin tutmasını istəyirlər. Bəli, Ermənistan rəhbərliyində və cəmiyyətində bir hallar var, hər kəslə zor dilində danışır, hədələyirlər. Amma bu iddianı tamamlayacaq güc necə, varmı?
Ermənilərin “böyük bacısı” Fransanın başı yeni dərdə girib. Bu dəfə rəsmi Parisə qarşı dirəniş göstərən müstəmləkəsi olan hansısa Afrika ölkəsi deyil, qonşusu, Avropada və dünyada söz sahibi olan İtaliya olub. Bu ölkənin yeni Baş naziri Giorgia Meloni Fransa və onun indiki prezidenti Emmanuel Makron haqqında elə şeylər danışıb ki… Meloni Avropanı bürümüş miqrant axınında, dini və irqi ayrı-seçkilikdə, Afrilka ölkələrinə qarşı müstəmləkəçilik siyasətinin davamlı olaraq yürüdülməsində, uşaq əməyindən istifadədə Parisi ittiham edib və Makronun siyasətini kəskin pisləyib. Hətta Liviyaya hücumun və bu ölkənin itqisadiyyatının və neft-qaz sektorunun darmadağın edilməsində əsas məqsədin İtaliya ilə əlaqələrin kəsilməsi olduğunu bildirən baş nazir Fransanın əməllərində bir neo-imperiya siyasəti durduğunu deyib. Beləliklə, Avropa Birliyində yeni qarşıdurmaların olacağını çox gözləməyəcəyik. Tərəflərdən birinin Fransa olacağı isə gün kimi aydındır…
V.VƏLİYEV