2023-cü ildə media kapitanlarının gözündə - SORĞU

5 Yanvar 2023 16:55 (UTC+04:00)

Artıq 2023-cü ilə qədəm qoymuşuq. Hər bir sahədə olduğu kimi Azərbaycan Respublikasının 4-cü hakimiyyəti hesab olunan kütləvi informasiya vasitələrində də yeni ildə müəyyən proseslər həyata keçirilərək, yeniliklərin tətbiq olunması nəzərdə tutulur. Bəs gəlin görək media nümayəndələrimiz 2023-cü ildə mediamızdan gözləntilər nələrdir? Hansı yeniliklər tətbiq olunmalıdır? Nə kimi proseslərdə dəyişikliklər edilməlidir? Mövzu ilə əlaqədar olaraq SİA media kapitanları arasında sorğu keçirib.

“Bakı Xəbər”qəzetinin baş redaktoru Aydın Quliyev: “2023-cü ildə mediamız və onun mühüm seqmenti olan çap mediası üçün yeniliklərin olacağını gözləyirəm. Bu çox mühüm bir əsasdır. Çünki çap medianın əhəmiyyətindən, rolundan danışmadan bunun artıq hamı tərəfindən qəbul olunması bizim üçün önəmlidir. Sübut etməyə ehtiyac yoxdur ki, çap mediası ümumilikdə müasir media seqmentinin ən əhəmiyyətli növüdür. Onun qorunub, saxlanılmasının əhəmiyyətləri haqqında xüsusi mülahizələr söyləməyə ehtiyac yoxdur. Çap mediasının inkişafı, durumunun möhkəmləndirilməsi və onun xəbər məkanında rolunun daha da yaxşılaşdırılması üçün müəyyən addımlar atılmasına ehtiyac olacaq. Neçə illərdir ki, çap mediasında sosial maddi durumunun və ümumiyyətlə çap medianın redaksiya olaraq texniki imkanlarının yaxşılaşdırılması üçün atılan addımlar demək olar ki, dayanıb. Yəqin ki, hər iki istiqamət də bu il müəyyən addımlar atılacaq. Lakin ümumən medianın vəziyyətinin gücləndirilməsi üçün başlanılmış olan siyasətin davam etdirilməsini biz görəcəyik. Qeyd etmək lazımdır ki, medianın inkişafı və onun müasir çağırışlara cavab verməsi üçün həqiqətən dövlət səviyyəsində əsaslı siyasət aparılır. Bu siyasətin 2023-cü ildə də yeni şərait və şərtlərə uyğun olaraq davam etdirilməsi gözlədiyimiz nəticəni əldə etməyimizə imkan verəcək. Xüsusilə də “Media Haqqında” qanunun tətbiqi istiqamətində işlərin intensivləşdirilməsinə ehtiyac var. Həmçinin yeni qanunların jurnalistlər və redaksiyalar üçün açdığı yeni imkanların tətbiqi istiqamətində də müəyyən proseslərin aparılacığını ümid edirik”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “İstər ötən il, istərsə də gələn növbəti illərdə konkret olaraq medianın inkişafı ilə bağlı bir məsələ var. Buda medianın öz iqtisadi müstəqilliyinə nail olması ilə bağlıdır. Media iqtisadi baxımdan nə qədər güclü olarsa, həmin ölkənin mediası daha azad, xalqın maraqlarına xidmət edən və peşə dəyərlərinə bağlı olan bir orqana çevrilər. Arzu edirəm ki, növbəti ildə atılan addımların içərisində medianın müstəqilliyi ön plana çıxsın. Bazar iqtisadiyyatı şəraitində və sosial media şəbəkələrinin hədsiz güclü olduğu bir vəziyyətdə praktiki media ənənələrinin dəyərlərinin qorunub, saxlanılması çox çətindir. Lakin bunun bir yolu var ki, bazar iqtisadiyyatında ölkənin iqtisadi gücünün heç olmasa 0,1 faizini medianın iqtisadi inkişafına xidmət etsin. Mediada reklam bazarı formalaşmalıdır. Bu amil yaranmadığı təqdirdə biz medianın inkişafından danışa bilmərik. Mənim istəyim bundan ibarətdir ki, güclü dövlətin güclü mediası olmalıdır. Azərbaycan mediası da dövlətimizin gücünə, iqtisadi qüdrətinə əsaslanaraq özünün növbəti inkişaf mərhələsinə keçid edə bilsin”.

“Trend Beynəlxalq İnformasiya Agentliyinin” baş direktor müavini Sahil Kərimli: “2023-cü ildə ölkəmizdə bütün sahələrdə olduğu kimi media sektorunda da inkişafın, tərəqqinin əldə edilməsi çox vacibdir. Azərbaycan inkişaf edir, müasirləşir, cəmiyyətin bütün sahələrində islahatlar həyata keçirilir. Mediamız da bununla ayaqlaşmalı, daha da təkminləşməlidir. Xüsusi ilə də Azərbaycan dövlətinin haqlı mövqeyinin qorunması, ölkəmizə qarşı aparılan informasiya müharibəsində qalib olmaq üçün mətbuatımız son dərəcə fəallıq göstərməlidir. Bu gün Azərbaycan həqiqətlərini dünyaya doğru-düzgün çatdırmaq, əsasən də Qarabağda baş verən hadisələrin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə izah etmək üçün üzərimizə böyük məsuliyyət düşür. Ermənistan mətbuatı, sosial mediası yalan və saxta xəbərlərlə ölkəmizə qarşı şər böhtan kompaniyası aparır. Azərbaycan mediası bu çirkin piarın qarşısını daha əzmlə almalıdır. Biz imkan verməməliyik ki, ölkəmiz gözdən salınsın, Azərbaycanın milli maraqlarına xələl gəlsin. Bunun üçün hamımız – bütün media təmsilçiləri, media qurumları bir hədəfə doğru hərəkət etməlidir. Əlbəttə ki, 2023-cü ildən gözləntilərimiz böyükdür. Tam əminəm ki, biz qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən layiqincə gələ biləcəyik. Bu gün Azərbaycan mediası bütün göstəricilərinə görə buna qadirdir. Düşünürəm ki, media sahəsində islahatlar bu il də davam etdirilməlidir. Jurnalistlərin fəaliyyətinin forma və məzmunca keyfiyyətinin artırılması, peşəkarlığın təmin edilməsi, dövlət qurumları ilə sıx və şəffaf əlaqələrin yaradılması əsas amillərdən biridir. Reketçilik, şantaj, şər-böhtanla məşğul olan media orqanları ilə mübarizə bu il də bizim əsas prioritetimiz olmalıdır. Çünki, bu kimi neqativ hallar əsl peşəkar jurnalistlərin nüfuzuna xələl gətirir, mediamızı gözdən salır. Ölkəmizin ümumi maraqlarını qorumaq üçün mediamızın nüfuzunun artırılması şərtdir”.

“Yeni Sabah.az” saytının baş redaktoru Seymur Verdiyev: “Digər peşə sahibləri kimi, biz jurnalistlərin də 2023-cü ildən gözləntiləri böyükdür. Bu il mətbuatımızın maddi-texniki bazasının daha da güclənəcəyinə ümid edirəm. Dəyişiklik etmək, daha geniş auditoriya toplamaq üçün KİV-in maddi-texniki bazası güclü olmalıdır. Təəssüf ki, sıxıntılar səbəbindən bir çox peşəkar jurnalist öz iş yerindən ayrılmalı olur. Maaş azlığı bu sektorda inkişafı tormozlayır. Nəticədə jurnalistlər arasında ələbaxımlılıq yaranır, KİV-lər ayrı-ayrı oliqarxların təsirinə düşür. Bu isə mətbuatın öz missiyasını dəqiq, qərəzsiz və hərtərəfli yerinə yetirilməsinə mane olur. Ən böyük arzum 2023-cü ildə mətbuatımızın məmur-oliqarxların asılılığından tamamilə azad olmasıdır. Hesab edirəm ki, jurnalist peşəkarlığının artırılmasına ehtiyac var. Mən senzuranın tətbiqinin, sözün cilovlanmasının qəti əleyhinəyəm. Amma jurnalistin daxilində bir senzura olmalıdır. Təhdid, təhqir, hədə-qorxu, yaltaqlıq jurnalistə xas keyfiyyətlər olmamalıdır. Jurnalist nəyi nə zaman və necə yazmalı olduğunu dəqiq bilməlidir. Əminəm ki, jurnalistlər arasında peşəkarlığın artması bu sektorun nüfuzunun artmasına səbəb olacaq”.