"Türkiyədə keçirilməsi nəzərdə tutulan qaz sammiti Avropanın qaz təchizatı sistemində dönüş nöqtəsi yarada biləcək əhəmiyyətli bir hadisə olacaq. Çünki uzun illərdir ki, Orta Asiyanın, ilk növbədə Türkmənistan qazının Transxəzər qaz kəməri xəttindən istifadə edilməsi yoluyla Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması məsələsi öz həllini tapa bilmirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, hər dəfə bu ideya gündəmə gələrkən Rusiya onu blok etməyə, guya Xəzərin ekologiyasına ziyan gətirə biləcək adı altında Transxəzər qaz kəmərinin çəkilməsini əngəlləməyə çalışıb, buna nail olur və Türkmənistanı təhdid edən bəyanatlar verirdi: "Halbuki Rusiya özü həm Baltik dənizinin, həm də Qara dənizin dibindən iki qaz kəməri çəkərək ekologiyalarına ziyan vurub. Bu qaz xətlərinin ümumi uzunluğu Transxəzər qaz kəmərinin uzunluğundan 10 dəfədən də artıqdır. Cəmi uzunluğu 70-80 km olan Transxəzər qaz kəməri Xəzərin ekologiyasına heç bir ziyan gətirə bilməz. Üstəlik, bunun icrasını həyata keçirəcək şirkətlər kifayət qədər səriştəli və böyük iş təcrübəsinə malikdir". Politoloq sözlərinə davam edərək bildirib ki, Türkmənbaşı şəhərində ötən ilin sonlarına doğru Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə sammit keçirilib və bu baxımdan müəyyən razılaşmalar əldə edilib: "Türkiyədə keçiriləcək qaz sammitində bu məsələlərə nöqtə qoyulması nəzərdə tutulur. Yəni, türkmən qazının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarına çıxarılması və bunun Xəzərin dibindən keçəcək Transxəzər qaz kəməri vasitəsilə həyata keçiriləcəyi məsələsi demək olar ki, razılaşdırılmaq ərəfəsindədir. Razılaşma həyata keçdikdən sonra bu işin maliyyə məsələlərinin həll edilməsi o qədər də çətin olmayacaq. Çünki bu layihəni müdafiə edən ölkələrin başında ABŞ və Türkiyə dayanır. Üstəlik, Avropa ölkələrinin çoxu nisbətən ucuz variant olan Türkmənistanın Transxəzər qaz kəməri layihəsinə hər cür vəsait və maliyyə yardımı ayırmaq fikrindədir. Beləliklə, düşünürəm ki, Türkiyədə keçirilməsi nəzərdə tutulan qaz sammiti uğurlu olacaq və Avropanın enerji təchizatına mühüm töhfə verəcək bu layihə təsdiq ediləcəkdir".