"Rusiyanın məqbul saydığı şərtlər reallığa uyğun gəlmir" - SİYASİ-EKSPERT MÜNASİBƏT BİLDİRDİ

5 Yanvar 2023 14:41 (UTC+04:00)

"Biz də istəyirik ki, müttəfiq dövlət olan Ukrayna 2023-cü ildə sülhə və təhlükəsizliyə qovuşsun. Ancaq təəssüflər olsun ki, bu məsələdə perspektivi kənardan edilən arzular, cəhdlər deyil, birbaşa prosesin içində olan tərəflər müəyyənləşdirir". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Ukraynada müharibənin başa çatacağı ilə bağlı qətiyyətli söz müəyyən mənada Qərb ölkələrinə, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatlarına, Ukrayna hakimiyyəti və Rusiyaya məxsusdur: "Rusiya bu müharibəni hətta 2022-ci ildə yekunlaşdırmaqda maraqlı idi və bu yöndə də cəhdlərini ortaya qoymuşdu. Amma məsələ burasındadır ki, Rusiyanın hərbi əməliyyatları dayandırması üçün məqbul saydığı şərtlər nə reallığa, nə də Ukraynanın maraqlarına uyğun gəlir. Bu nöqteyi-nəzərdən müharibənin 2023-cü ildə başa çatması üçün Rusiyanın tutduğu mövqe həlledici sayılmır".

Ekspert sözlərinə davam edərək qeyd edib ki, Qərb ölkələrinin və Ukraynanın mövqeyi isə Rusiyanın maraqlarına uyğun gəlmir: "Belə halda hansısa birinin təşəbbüs göstərərək geri çəkiləcəyini başdan söyləmək çətindir. Ümumi şəkildə demək mümkündür ki, həm Ukraynanın, həm Qərbin, həm də Rusiyanın müharibə ilə bağlı planları və maraqları qəti şəkildə üst-üstə düşmür. Kəskin qütbləşmə müşahidə olunur. Ukrayna özünün ərazi bütövlüyünün təmin olunması, işğal olunmuş ərazilərinin geri qaytarılmasını birmənalı şəkildə tələb edir. Elə bu mövqedən Ukraynanın da 2023-cü ildə geri çəkiləcəyini gözləmək ehtimal olunmur. Hərbi əməliyyatlar ancaq o şərtlə başa çata bilər ki, həm Ukrayna, həm də Rusiya öz şərtlərində müəyyən qədər dəyişiklik etsin. Bunu isə indiki şəraitdə real hesab etmirəm. Ukraynada müharibənin2023-cü ildə də davam etməsi çox böyük ehtimaldır".