"20 Yanvar hadisəsini dünya gündəminə daşıya bilmişik" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

5 Yanvar 2023 13:05 (UTC+04:00)

“20 Yanvar faciəsini bütün dünyanın nəzərinə çatdıra bilmişik. Artıq MDB dövlətləri, keçmiş sovet respublikaları, o cümlədən indiki Şərqi Avropa ölkələri 20 Yanvar hadisələri barədə məlumatlıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Millət vəkili qeyd edib ki, bu dövlətlər bilirlər ki, məhz 20 Yanvar hadisəsində rus qoşunları günahsız Bakı əhalisinə qarşı hücum edərək üzərilərindən tank keçirdiblər: “Bir çox günahsız insanlar bu faciədə amansızcasına qətlə yetiriliblər. Bütün dünyanın siyasi dairələri və masaları 20 Yanvarla bağlı məlumatları var. Biz hər il bu günü böyük hüznlə qeyd edirik. Azərbaycanda yaşayan turistlər, diplomatlar, nümayəndələrə 20 Yanvarla bağlı məlumatlar verilir. Bütün bunlarla yanaşı 20 Yanvarla bağlı veb saytlar, online (onlayn) resuslar yaradılaraq, kitablar çap olunaraq, qəzetlər dərc edilib. Digər dövlətlərdə yerləşən kitabxanalarda da 20 yanvar hadisələrini özündə əks etdirən kitablar var. Bu baxımdan biz bu məsələni dünya gündəminə daşıya bilmişik. Təbii ki, bu məsələ ilə bağlı siyasi qərar verilib. Azərbaycan hakimiyyətinin və dövlətçiliyinin bununla bağlı qərarları aydındır. Sadəcə olaraq bizdən sonra gələcək nəsillərə də bu hadisələri unutdurmamalı, Azərbaycan xalqının başına gələn məşəqqətləri onlara əyan etməliyik. Onlarda bunlardan nəticə çıxartsınlar ki, gələcəkdə belə bir şeylərin baş verməsinin qarşısını ala bilək”.