"Azərbaycanın məqsədi regionda stabilliyin və əbədi sülhün təmin edilməsidir" - MİLLƏT VƏKİLİ DANIŞDI

5 Yanvar 2023 12:45 (UTC+04:00)

"Azərbaycan Prezidenti hər zaman ki kimi bu çıxışında da öz xalqına fəaliyyətlə bağlı hesabat verdi eyni zamanda ölkə qarşısında duran məsələlər barədə öz görüntüsünü insanlarla bölüşdü”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, cənab Prezidentin səmimiliyi, açıq danışmağı və ən əsası gördüyü işin müsbət nəticələri hər zaman göz önündə olub: “İnsanlar 2022-ci ilin tariximizdə yadda qalan hadisələrlə dolu olduğunun bir daha qənaətinə gəldilər. Ərazi bütövlüyümüzün təmin olunmasında bir sıra ciddi addımlar atıldı, işğaldan azad olunan ərazilərimizin bərpası üçün böyük işlər görüldü. Azərbaycan beynəlxalq birlikdə öz nüfuzunu daha da artırıb. İnsanlarınımızın yaxşı yaşaması üçün maksimum addımlar atılıb. İnflyasiya aşağı səviyyədədir, yeni iş yerləri açılır, vətəndaşların sosial problemlərinin həlli dövlətin və şəxsən cənab Prezidentin diqqətindədir. Həmçinin bütün bunlarla yanaşı Prezident İlham Əliyev Ermənistanla bağlı məsələlərə də toxundu. Bir daha aydın olundu ki, Azərbaycanın məqsədi regionda stabilliyin və əbədi sülhün təmin edilməsidir. Bunun üçün ilk növbədə bu regionda yerləşən dövlətlər bir-birilərinin ərazi bütövlüklərinə hörmətlə yanaşmalarını, münasibətlərində sülhü, qarşılıqlı maraqları olmalıdır.

Təəssüf ki, biz Ermənistan tərəfindən bunu görə bilmirik. Ermənistan hələ də, “bəlkə qaytardılar” təfəkkürü ilə yaşayır. Ermənistan tərəfinin atdığı addımların yarımçılığı, Azərbaycanın maraqlarını nəzərə almamaq hiss edilir. Lakin Azərbaycan artıq əvvəlki Azərbaycan deyil o güclü dövlətçiliyi, ordusu olan bir dövlətdir. Azərbaycanın Ermənistana normal qonşuluq münasibətlərinin bağlanması, ikitərəfli əlaqələrin olması təklif edilir. Cənab Prezidentin Ermənistan istəsə-istəməsə də Zəngəzur dəhlizi açılacaq mövqeyi Azərbaycan xalqının qətiyyətinin göstəricisidir.

Nəzərə almaq lazımdır ki, bu tək Azərbaycanın deyil, Ermənistanın da maraqlarını əks etdirir. Bu dəhliz təkcə Azərbaycan və Ermənistan dövlətlərini deyil, dünyanın böyük ölkələrinin də maraqlarındadır”.