Hücum diplomatiyasının ikinci fazası: vaxtı çatıb! KÖŞƏDAR

5 Yanvar 2023 10:01 (UTC+04:00)

Maraqlıdır, axı Laçın yolundakı situasiya ilə bağlı dünyanın aparıcı KİV-ləri və nüfuzlu şəxsləri nə qədər məqalələr və tvittlər yazmalıdırlar ki, Ermənistan rəhbərliyində oturanlar nəticə etibarilə anlasınlar ki, onların Azərbaycan rəhbərliyinin, eləcə də vətəndaş cəmiyyətinin qərarlarına heç bir təsirləri olmayıb və olmayacaq da. Çünki erməni rəhbərliyinin bəyanatları, yazdıqları qucaq-qucaq məktubları reallıqda Azərbaycan xalqının və dövlətinin hüquqi, qanuni tələblərinə, ümumiyyətlə, təsir göstərmir. Fakt da budur ki, ermənilərə qahmar çıxan türkofoblar, satılmış və korrupsiyalara bulaşmış siyasətçilər, yenidən SSRİ xəyallarına dalanlar və sair dairələr hüquqi əsaslar qarşısında acizdirlər!

Başqa tərəfdən, onlar – yəni ermənilərə qahmar çıxanlar yaranmış situasiyanın həll olunması yönündə əvvəl-axır bir etirafı etməlidirlər: ya dəqiq şəkildə bildirməlidirlər ki, Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyırlar, ya da əksinə - Qarabağın Azərbaycanın ərazisi “olmadığını” deməklə gerçək sima(sızlıq)larını ortaya çıxarmalıdırlar. Misal üçün, Fransa kimi! Fransa rəhbərliyi məhz ikinci variant üzərində dayanıb və açıq-aşkar Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazisinə xor baxır. Təkcə son 2 ildə rəsmi Parisin, sözün əsl mənasında, nümayiş etdirdiyi oyunbazlıqlarını sadalasaq kifayət edər.

Təbii ki, rəsmi Bakı da reaksiyalarını göstərir, amma belə davam edərsə, artıq bütün bunların önlənməsi üçün preventiv, qətiyyətli addımların da atılması vacibliyi aktuallaşır. Məsələn, rəsmi Bakı Korsika və Yeni Kaledoniya mövzularını daha geniş şəkildə müzakirəyə çıxara bilər, özü də Milli Məclis səviyyəsində! Məhz Azərbaycan parlamenti hökumətə rəsmi qaydada müraciət, yaxud çağırış edərək həmin mövzu ətrafında dinləmələr keçirə, qərarlar verə bilər.

Üstəlik, digər preventiv addımları da unutmaq olmaz. Belə ki, fransız mövzusu gündəmdə ardıcıllığı ilə saxlanılmalıdır və bunun üçün ilk addım olaraq Fransanın Azərbaycandakı səfirini bütün rəsmi səviyyələrdə iqnor etmək olar, əlbəttə ki, XİN istisna olmaqla. Çünki qarşı tərəfin mövqeyini öyrənmək, həmçinin notaları təqdim etmək üçün el dili ilə desək, “barmaq yeri” qoymaq lazımdır. Hətta fransızların ermənipərəst və ərazi bütövlüyümüzə zidd baxışlarına cavab olaraq Fransanın ölkəmizdəki səfiri Azərbaycanın xarici işlər naziri və ya müavini ilə deyil, dəftərxana müdirliyi ilə görüşünü böyük uğur kimi qəbul etməlidir!

Təbii ki, Azərbaycanın son illərdəki uğurlu diplomatiyası və ya daha dəqiq desək, hücum diplomatiyası öz sözünü deməkdədir. Belə olan halda Fransa rəhbərliyinin Azərbaycan dövlətinə və xalqına qarşı, sözün həqiqi mənasında, həyasız davranışlarına cavab olaraq niyə də daha sərt reaksiyalar verilməməlidir?! Məgər Makronun və Fransa Senatında oturub dövlətimizin maraqlarına qarşı dil uzadan, səs verən korrupsiyalaşmış ermənipərəst deputatlarının qaşları-gözləri bizimkindən qaradır?! Axı nə vaxta qədər onlar bu və ya digər şəkildə ağıllarına və ağızlarına gələn hər şeyi dövlətimizin, xalqımızın üzərinə yönəldib, erməni marqlarına haqq qazandıracaqlar?! Bəs deyilmi?! Əlbəttə ki, bəsdir! Və birdəfəlik bəs olması üçün ən azından hücum diplomatiyamızın ikinci fazasını işə salmaq olar, hətta vaxtı da çatıb!