Qafqazın ən qədim parklarından biri sayılan “Xan bağı” 1847-ci ildə çarın Qafqazdakı canişini (sərdarı) knyaz Mixail Vorontsovun təşəbbüsü ilə salınıb. Rəsmi sənədlərdə belə “Xan bağı” adlandırılsa da əslində, adı “Sərdar bağı”dır.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri professor Azad Bayramov deyib.
O, 1804-cü ildə Gəncə xanlığı rus qoşunları və general Sisiyanov tərəfindən işğal olunan zaman şəhərin yalnız tikililəri deyil, həm də “Xan bağı” parkının ciddi ziyan gördüyünü deyib: “Rus çarının fərmanına əsasən, “Xan bağı” 1847-ci ildən Qafqaz sərdarı Knyaz M.S.Vorontsovun şərəfinə adlandırılıb. 1856-cı ildə Tiflis hərbi qubernatorunun göstərişinə əsasən Gəncənin baş planı hazırlanarkən yeni layihədə bağın abadlaşdırılması da nəzərdə tutulub. 1868-ci ildə Gəncəyə quberniya statusu verildikdən sonra imperatorun əmri ilə onun baş planı hazırlanıb. Beləliklə, bağda inşaat işləri aparılıb və buradakı nadir ağac növləri və bəzək kollarının sayı azaldılıb”.
Tarixçi deyib ki, 1873-cü ildə şəhərin yeni baş planına əsasən bağda növbəti dəfə dəyişiklik edilib. Layihəyə əsasən bağa yeni ağac və gül növləri – ağ akasiya, katalon, kipris, Eldar şamı, nar, yapon xurması, çəhrayı, eləcə də digər ağac və gül kolları gətirilib. Həmçinin bağda ilk dəfə olaraq heykəllər qoyulub və ətirli ağaclar əkilib. Lakin 1887-ci ildə şəhərin yeni layihəsi hazırlanarkən bağda ağacların bir hissəsi kəsilib, tikinti işləri aparılıb.
“Xan bağı” bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılıb. Daxilində xiyabanlar salınıb, yay teatr binası, müxtəlif istirahət güşələri, su hovuzları, fəvvarələr tikilib. Vaxtilə beş yüzdən artıq ağac və gül növü olan Gəncənin bağında bunların 150 növü vegetativ həyat sürürmüş. Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr düzəldilib” – deyə A.Bayramov bildirib.
2011-ci ildə Prezident İlham Əliyev Gəncədə əsaslı yenidənqurma işləri aparılan “Xan bağı” mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Dövlət başçısının tapşırığına əsasən ayrılan vəsait hesabına görülən yenidənqurma işlərindən sonra parkın siması tamamilə dəyişib. Qafqazın ən qədim parklarından biri, yaşı 300-dən çox olan “Xan bağı”nda belə genişmiqyaslı işlər ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib.
Ümumi ərazisi 7 hektar olan parkda müxtəlif ölkələrdən gətirilən ağaclar, dekorativ kollar əkilib. Burada iki fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb.