"Ümumiyyətlə, 2019-cu ildən başlayaraq cənab Prezidentin həyata keçirdiyi genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin bütün sahələrini əhatə edirdi. Xüsusilə gənc kadrların irəli çəkilməsi, müxtəlif səriştələrə və kompetensiyalara malik olan şəxslərə yüksək vəzifələr verilməsi tendensiyası formalaşdı. Həm yerli icra hakimiyyəti, həm mərkəzi icra hakimiyyəti, həm də icra, məhkəmə və qanunvericilik sistemində bir sıra dəyişikliklər oldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsində müşahidə edildi ki, gənc millət vəkilləri də xalqın etimadını qazandılar: "Son dövrlər Vətən müharibəsindən sonrakı reallıqlar kontekstində Prezidentin Xüsusi nümayəndəlik institutu təsis olundu. Şuşada, Zəngilanda və Qarabağın digər iqtisadi zonalarında, eləcə də son zamanlarda Naxçıvan Muxtar Respublikasında ölkə başçısının xüsusi nümayəndələri təyin olunub və bu institut özünü qabaqcıl şəkildə göstərib. Düşünürəm ki, bunun dövlət idarəçiliyinə müsbət təsirləri olacaq. Ümumilikdə gəncləşmə siyasəti həm də dövrün tələbidir".
Politoloq sözlərinə davam edərək bildirib ki, yeni nəsil Azərbaycanı inkişafa, iqtisadi rifaha doğru aparacaq: "Respondetlərdən keçirdiyimiz sorğulardan da görürük ki, ictimai rəydə daha çox gəncləşmə siyasətinə meyil var və onların qarşısına böyük tələblər, böyük gözləntilər qoyulub. Artıq köhnə təfəkkürlü idarəçilik modeli bugünkü reallıqlarla uyğunluq təşkil etmir. Daha çox müasir inkişaf strategiyalarını bilən, dövrün nəbzini tutan gənclərin dövlətin idarəçiliyində uğur qazanmaq ehtimalı var. Həmçinin, bir sıra stimullaşdırıcı tədbirlər də həyata keçirilir. Bu baxımdan "Yüksəliş" müsabiqəsini qeyd edə bilərik. Bu müsabiqənin qalibləri də yüksək vəzifələrə təyin olunurlar. Ümumilikdə bu işə kompleks yanaşmaq lazımdır. Müasir biliklərə malik olan, dünyanın qabaqcıl universitetlərində yüksək təhsil almış şəxslərin dövlətimizə töhfə verməsi üçün şərait yaratmalıyıq. Selektiv yanaşma, qohumbazlıq və digər xoşagəlməz hallarla kadrların irəli çəkilməsi yolverilməzdir. Ümid edirəm ki, irəli çəkilən gənclər Azərbaycanı daha çox inkişaf etdirəcək".