Ağcabədidə bayram tədbiri keçirilib - FOTOLAR

30 Dekabr 2022 12:32 (UTC+04:00)

Ağcabədidə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, şəhid və məcburi köçkün ailələrindən olan uşaqlar üçün bayram şənliyi keçirilib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək uşaqları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Bildirib ki, həmrəylik bayramı, sözün həqiqi mənasında, Azərbaycan xalqının həmrəyliyinin simvoluna çevrilib. 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsi xalqımıza ən böyük qürur hissi yaşatdı.Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xaricdə yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, soydaşlarımız arasında birlik və həmrəyliyin təmin olunmasına, Ölkə Prezidenti cənab İlham Əliyevin milli maraqlar və milli dəyərlər üzərində qurulmuş müstəqil siyasəti nəticəsində Azərbaycanın başa vurmaqda olduğumuz 2022-ci ildə daha da inkişaf etdiyini, ölkəmizin siyasi gücünün və iqtisadi potensialının gündən-günə artdığını, dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza qüdrətli dövlətimiz tərəfindən verilən dəstəyin davam etdirildiyini bildirib.

Tədbirdə "Güvən Xeyriyyə" İB-nin sədri Nigar Bayramlı, ADPU Ağcabədi filialının direktoru Mobil Məcidov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsinin rəis müavini Faiq Vahabov çıxış edərək, uşaqları təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.Tədbirdə uşaqların ifasında maraqlı musiqi nömrələri nümayiş etdirilib.

Şənliyin sonunda uşaqlara bayram hədiyyələri paylanıb.

Zümrüd BAYRAMOVA