
Zamanın, dövrün hərəkətverici qüvvəsi gənc nəsil, gənclikdir və bu baxımdan da sağlam düşüncəli, sağlam təfəkkürlü gənclərə cəmiyyətin hər zaman ehtiyacı var. Bu ehtiyacı ödəmək, yəni sağlam təfəkkürlü gəncliyin yetişməsi üçün isə əlbəttə ki, cəmiyyət özü zəmin yaratmalıdır. Hazırda ideoloqların qarşısında duran ən böyük vəzifələrdən biri də gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi hesab olunur, çünki milli mənlik şüuruna malik olan gənclərin yetişməsi, formalaşması heç də qısa zaman fasiləsində mümkün deyil, bunun üçün uzun illər lazım olur.
Heç şübhəsiz ki, hər bir gənc ilk öncə doğulduğu ailənin, daha sonra da yaşadığı mühitin ab-havasına uyğun böyüyür və tərbiyə alır. Deməli, gənc nəslin tərbiyəsində hər şeydən öncə ailənin və bir də cəmiyyətin rolu danılmazdır. Sağlam ruhlu ailənin və sağlam ruhlu cəmiyyətin yetişdirdiyi gənclik də, sözsüz ki, sağlam olmalıdır. Əlbəttə ki, Azərbaycan ailəsi və cəmiyyətimiz sağlam olduğu üçün gənclik də sağlam yetişir, milli mənlik şüuru, eləcə də vətənpərvərlik ruhu inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan gəncliyi hər zaman başqalarına nümunə olaraq qəbul olunub və seçilib.
Gənc nəslin tərbiyəsində, qeyd etdiyimiz kimi, ilk növbədə ailənin rolu böyükdür və xoşbəxtlikdən Azərbaycan ailələri, yaşlı nəsil milli dəyərlərimizə, ənənələrimizə sadiqdir və bu baxımdan gəncliyin sağlam yetişməsi üçün lap əvvəldən maneə yoxdur. Xalqımızın vətənpərvərlik hissinə, milli mənlik şüuruna verdiyi önəm ailələrdə təzahür edir və yetişməkdə olan gənclik də bu ruhda tərbiyə alır. Hər bir ailə öz övladlarına hələ körpəliyindən vətənpərvərliyi, milli dəyərlərimizi təlqin edir, öyrədir, hansı ki, bu da gənc nəslin milli mənlik şüurunun, eləcə də vətənpərvərlik hissinin olmasına əsaslı zəmin yaradır.
Müstəqilliyini yenidən bərpa etməkdə olan Azərbaycanın gəncliyi ötən əsrin sonlarında, 70 il hökm sürən imperiyaya qarşı çıxmağa cəsarət etdi, hansı ki, bu, məhz milli mənlik şüuru, vətənpərvərlik hissi sayəsində oldu. Baxmayaraq ki, Sovet hakimiyyəti illərində ayrı-ayrı xalqların milli mənlik şüurunun yaranması üçün şərait, zəmin yox idi, əksinə, buna mane olurdular, Azərbaycan cəmiyyətində milli mənlik şüurunun olduğu özünü biruzə verdi. Milli Azadlıq Hərkatında yüzlərlə gəncin Azərbaycan Respublikasının SSRİ-nin tərkibindən çıxarılmasına çalışması, bu məqsədlə meydanlara axışması, günlərlə, aylarla mitnq və piketlər keçirməsi bunun bariz nümunəsi idi və heç də yaddaşlardan silinən deyil. Yaddaşlardan silinən deyil ki, Azərbaycan gəncliyi SSRİ-yə məxsus hərbi texnikanın, tankların, odlu silahların qarşısına əliyalın çıxdı və öz müstəqilliyini tələb etdi. Bu zaman mübariz gənclərimiz öz şəhid qanları ilə tarix yazdılar və bu baxımdan da cəsarətlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında gənclərimizin rolu kifayət qədər böyük olub.
Azərbaycan artıq müstəqil ölkə olaraq förmalaşıb və güclü dövlətimiz var. Ölkəmizdə milli mənlik şüuruna malik olan gənclər saysız-hesabsızdır. Biz buna dəfələrlə əmin olmuşuq. Hələ ötən əsrin sonlarında, Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi bir dövrdə, çətinliklərin, xaosun hökm sürdüyü bir mərhələrdə erməni separatçıları namərdcəsinə vəziyyətdən sui istifadə edərək torpaqlarımızı işğal etmək niyyətinə düşdülər və bu məqsədlə də Azərbaycan ərazilərinə soxuldular və bu zaman silah-sursatla yaxşı təchiz olunmayan gənclik çəkinmədən torpaqlarımızın müdafiəsinə qalxdılar. Qeyd olunduğu kimi, o zaman müstəqilliyini yenicə bərpa edən ölkəmizin hərbi potensialı, hərbi texnikası, arsenalı yox dərəcəsində idi və bununla belə Azərbaycan gəncləri döyüşə atıldılar, düşmənin hücumina qarşı çıxdılar. Doğrudur, düşmən torpaqlarımızın 20 faizini işğal etməyə nail oldu, çünki bu namərdcəsinə edilən hücumu dəf etmək imkanı gerçəklikdən kənar idi, amma buna baxmayaraq gənclərimiz qəhrəmancasına döyüşdülər, canlarını, qanlarını vətən uğrunda fəda etdilər. Bu, həmin dövrün gəncliyinin milli mənlik şüurunun olmasından xəbər verirdi və onlar öz mübarizlikləri ilə dövrümüzün gəncliyi üçün çox gözəl bir örnək oldular.
Baxmayaraq ki, 30 ilə yaxın torpaqlarımız düşmənin işğalı altında qaldı, Azərbaycan gəncliyi bununla barışmadı. Dövlətimiz bu işğalın aradan qaldırılması üçün sülh yolunu illərlə təklif etdi, qan tökülməməsi üçün danışıqlar apardı, amma qarşı tərəfin buna məhəl qoymaması, danışıqlara deyil, təxribatlara üstünlük verməsi fonunda iki il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən müharibədə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi, həmrəyliyi ilə Azərbaycan gəncliyi öz sözünü dedi. Məntiqi olaraq, Azərbaycanın zəfəri, qələbəsi ilə başa çatan müharibədə gənclərimizin şücaəti dillərdə dastan oldu və gəncliyimiz bütün dünyanın gəncləri üçün nümünə hesab olunur. Canını, qanını torpaqlarımız uğrunda əsirgəməyən gənclərimiz düşmənə igidlik, ərlik, ərənlik dərsi keçməklə yanaşı, milli mənlik ruhunun, vətənpərvərliyin nə olduğunu da başa saldılar.
Məhz 44 günlük müharibə dönəmində gənclərimizin rəşadəti hər kəsi heyran etdi. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı gənclərimizin igidliyi barədə illər, onilliklər boyu yazılsa da bitib-tükənən deyil. Ələlxüsus, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsi igidliyin, cəsurluğun ən pik nöqtəsi hesab olunur ki, bu barədə dastanlar yaratmaq gərəkir. Yalçın qayalara qartallar kimi qalxan Azərbaycan oğulları, gənclərimiz az qala yalın əllə düşməni diz çökdürdü. Şəhərin geri alınması zamanı gedən döyüşlərdə hərbi hospitallara daşınan erməni əsgərlərinin ancaq bıçaq, tapança gülləsi yarası ilə ora daxil olması tarix boyu düşmənin yaddaşından silinən deyil. Düşmən Azərbaycan gəncliyinin, əsgər və zabitlərimizin cəsurluğuna, rəşadətinə bir daha tamamilə əmin oldu. Əmin oldu ki, Azərbaycan gəncliyi vətənpərvərlik, milli mənlik şüurunda yetişib və bu ruhda gəncliyi yetişən bir xalqın, ölkənin torpaqlarını işğalda saxlamaq mümkün deyil və ona görə də dərhal qaçaraq torpaqlarımızı tərk etdilər. Hətta döyüş dayandırıldıqdan sonra belə ermənilər ərazilərimiz tərk etməli oldular, hansı ki, bu heç də təsadüfi deyildi, bilavasitə milli mənlik şüuruna, vətənpərvərlik hissinə malik gənclərimiz qarşısında təslim olmaq demək idi. Bu şüurun, milli mənlik şüurunun, eləcə də vətənpərlik hissinin tərbiyəsi sonda öz sözünü dedi, hansı ki, Azərbaycan dövləti, dövlətimizin başçısı daim buna diqqət yetirib, prioritet hesab edib.
Sözsüz ki, vətəni sevmək, onu qorumaq, mühafizə etmək, vətən üçün əlindən gələni əsirgəməmək vətəndaşlıq borcudur, amma milli mənlik şüuru, vətənpərvərlik hissi bu borcun daha üstün şəkildə, layiqincə yerinə yetirilməsi deməkdir. Azərbaycanın öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, hər qarış torpağını qoruması, onun keşiyində durması ən ümdə vəzifə hesab olunur. Bundan sonra da torpaqlarımızın, milli dəyərlərimizin mühafizəsi ən önəmli, ən vacib missiyadır. Bu isə gələcəyimiz olan gənc nəslin üzərinə düşür. Sözsüz ki, bu baxımdan da gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi prioritetdir. Ona görə də dövlətimiz, dövlət başçımız, cənab Prezident İlham Əliyev gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsinə, vətənpərvərlik hisslərinin tərbiyəsinə xüsusi önəm verir, diqqətlə yanaşır və bunun üçün də müvafiq, lazımı işlər görülür. Məhz bu işlər sayəsində ölkəmizdə milli mənlik şüuruna, vətənpərvərlik hisslərinə sahib olan gənclərlə yanaşı, həmin gəncliyi yetişdirən cəmiyyət də mövcuddur.
Müəllif: İnam Hacıyev
6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.