"Nəqliyyat sektorunun mühitə təsirini azaltmaq üçün bəzi tədbirlər həyata keçirilir" - QURUM RƏSMİSİ DANIŞDI

29 Dekabr 2022 14:59 (UTC+04:00)

"Ekoloji təmiz avtomobillərin təşviqi məsələləri ölkəmizdə qəbul edilən dövlət proqramlarında yer alıb". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, ilk dəfə 2019-cu ildə elektrik mühərrikli avtomobillərin idxalı, bu ilin yanvar ayından etibarən həm də satışı ƏDV-dən azad edilib: "Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli Qərarı ilə isə elektromobillərin təşviqi ilə bağlı əlavə güzəştlər tətbiq olundu. Elektrik mühərriki ilə işləyən yeni avtomobillər və onların enerji doldurucuları idxal gömrük rüsumundan da azad edildi. Hazırda istehsal tarixi 3 ilə qədər olan və mühərrikin həcmi o qədər də böyük olmayan hibrid avtomobillərin, elektromobillərin, həmçinin enerji doldurucularının idxalının və satışının ƏDV-dən azad olunması, əlavə olaraq elektrik mühərriki ilə işləyən yeni avtomobillərin və onların enerji doldurucularının idxal gömrük rüsumundan azad olunması kimi stimullaşdırıcı tədbirlərin tətbiqi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin əlçatanlığını artırır”.

R.Səttarzadə sözlərinə davam edərək qeyd edib ki, köhnə avtomobillərin ətraf mühitə mənfi təsirinin olduqca çox olduğunu nəzərə alaraq belə nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması üçün artıq ölkəmizdə bir sıra tədbirlər görülür: “İstehsal tarixi 7 ildən artıq olan benzin və dizel mühərrikli minik avtomobillərinə yüksəldici aksiz əmsalının tətbiq olunması məsələnin həllinə bir qədər kömək edəcək. Eyni zamanda, köhnə nəqliyyat vasitələrindən istifadənin mərhələlərlə məhdudlaşdırılması, istismar dövrünü başa vurmuş avtomobillərin utilizasiyası və dövriyyədən çıxarılması son dərəcə vacibdir. Hazırda razılaşdırma mərhələsində olan mexaniki nəqliyyat vasitələrinin utilizasiyası proqramının qəbul olunması nəqliyyat parkının yenilənməsi ilə bərabər köhnə avtomobillərin təkrar xammal kimi emal edilərək yenidən dövriyyəyə qaytarılması vasitəsilə tullantıların idarə olunmasının təkmilləşdirilməsinə də öz töhfəsini verəcək. Tətbiq edilən bu güzəştlər ölkəmizdə ekoloji təmiz avtomobillərə marağın əhəmiyyətli dərəcədə artmasına, eyni zamanda ətraf mühitə, xüsusilə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərə bilər".