Saxta dərmanlar insanların sağlamlığı və milli genefond üçün ən ciddi təhlükə mənbəyidir
Tibb elminin inkişafı ilə paralel olaraq, xəstəliklərin sıyahısı da genişlənir. Bu səbəbdən də hər il dərman preparatlarının həddən artıq uzun olan siyahısına onlarla yeni vasitələr daxil olur. İnsanlar xəstələndiyi və ya yaralandığı zaman yeganə ümid yeri bu dərmanlar olur. Amma təəssüflər olsun ki, bu ümidlər bir çox hallarda boşa çıxır. Səbəb dərmanların müəyyən hissəsinin saxta və ya keyfiyyətiz olmasıdır. Ümumdünya Səhiyyə Təşkilatı dünyada satılan dərman vasitələrinin ən azı 25 fazinin saxta olduğunu deyir. Məlumatda o da göstərilir ki, saxta dərmanlar əsasən inkişaf etməkdə olan ölkələrdə satılır.
Hazırda asan və gəlirli qanunsuz biznes sahəsinə çevrilən saxta dərman istehsalı bütün dünyada ən inkişaf edən sahələrdən birinə çevrilib. Bu biznesin inkişafına stimul yaradan əsas səbəblərdən biri də budur ki, başqa mallardan fərqli olaraq tibbi preparatların tərkibini yoxlamaq üçün istehlakçıların heç bir vasitəsi yoxdur və hansı dərmanın keyfiyyətsiz və ya saxta olduğunu müəyyənləşdirmək olduqca çətin məsələdir. Üstəlik bir çox ölkələrdə rüşvət müqabilində istənilən preparatın idxalı, istehsalı və satışı üçün rahat şərait yaradılır, hətta bəzən saxta dərman vasitələrinə lazımi sənədlər də düzəltmək olur.
İşbazlar insanları saxta həblər almağa şirnikləndirmək üçün hər cür vasitəyə əl atırlar. Onların istehsal etdiyi “dərmanlar” həqiqi həblərdən fərqlənmir. Ağıllı işbazlar dərmanların zahirən orjinaldan fərqlənməməsi üçün onları yüksək peşəkarlıqla saxtalaşdırırlar. Hətta bir çox halda həblərin saxtalığı ancaq laborator analizlər vasitəsilə müəyyən edilə bilir. Belə həblər insanlara ən yaxşı halda heç bir müsbət təsir göstərmir, əksinə başqa problemlər yaradır, pis halda isə öldürə bilər.
Dünya üzrə saxta dərmanların illik dövriyyəsi 50 milyard dollar təşkil edir. Beynəlxalq ekspertlərin hesablamalarına görə, bir sıra ölkələrdə saxta dərmanlar ümumi dərman dövriyyəsinin 10 %-ni, bəzilərində isə, yarıdan çoxunu təşkil edir.
Saxta dərmanların törətdiyi təhlükə ilk baxışdan görünmür. Çünki, belə “dərmanlar” insan orqanizmini tədricən daxildən dağıdır. Dərmanların saxtalaşdırılması hər il dünyada 1 milyondan artıq adamın ölümünə səbəb olur. Heç də təəccüblü deyil ki, saxta dərmanların 60%-i inkişaf etmiş dövlətlərdə istehsal olunur, amma inkişaf etməkdə olan ölkələrin bazarlarında satılır.
Bəzən dərman qabında tamam başqa şey, məsələn, ən azı təsirsiz bir maddə satırlar. Bir çox hallarda isə, həmin maddə sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu isə alıcının cibinə ziyan etdiyi kimi, xəstənin də orqanizminə zərər edir, ən azı onun düçar olduğu xəstəliiyini sağaltmır, üstəlik başqa xəstəliklərə düçar edir.
Fırıldaqçılar hətta kərpic tozundan da saxta həblər hazırlayır, mürəkkəblə rəngləyir, laklayır və insan orqanizmi üçün zərərli digər məhsullardan istifadə edirlər. Belə saxtalaşdırmanı həyata keçirənlər çox bacarıqlı insanlardır. Təəssüf ki, onlar bu bacarıqlarından bilə-bilə insanları öldürmək üçün istifadə edirlər.
Saxta dərmanlar təkcə geridə qalmış ölkələrdə yox, dünyanın ən inkişaf etmiş ölkələrində də geniş yayılıb. Bu, təsadüfi deyil. Çünki saxta dərman istehsalı və satışında böyük qazanc var. Böyük pul və tələbat olan yerdə isə mütləq istehsalçının istehlakçıdan daha çox pul qoparmaq iştahı və bundan ötrü müxtəlif fırıldaqlara əl atmaq imkanı var.
Son vaxtlar Azərbaycanda səhiyyə sistemində bir proses də geniş yayılıb. Bu da ondan ibarətdir ki, diaqnostika mərkəzləri və əczaçı firmalar ayrı-ayrı həkimlərə aylıq maaş verirlər və onlar da öz ortaqlarını daimi müştərilərlə təmin edirlər. Məsələn, qanının ümumi analizi tələb olunan xəstəyə həkimlər bəzən 7, 8, hətta 10 növ üzrə analiz verməyi tövsiyə edirlər və diaqnostika mərkəzində onun yüzlərlə manat xərci çıxır. Halbuki, adi halda (yəni, fırıldaqçı həkimə rast olmadıqda) bu xərc maksimum 20 manat olmalı idi.

Eyni proses dərman satışında da gedir. Həkimlər çox vaxt xəstəyə lazım olmayan bahalı dərmanlar da yazırlar və əczaçıların alveri başdan aşır. Hətta, elə olur ki, hansısa əczaçı firma satışa yeni dərman gətirir və tanış həkimlərilə əlaqə yaradıb onları yeni dərmanın adı və xassələri ilə tanış etdikdən sonra proses başlayır: həkimlər xəstələrə məhz həmin dərmanı yazırlar. Bir çox vətəndaşların dediyinə görə, son vaxtlar xəstələrə yazılan dərmanların çoxu heç bir effekt vermir, hətta bir çox hallarda çox mənfi fəsadlar verir. Eyni dərmanın bizdə qonşu ölkələrdən xeyli baha satıldığına baxmayaraq, tərkibinin zəif olduğu deyilir. Burada əsas səbəblərdən biri də, dərmanların saxlama vaxtına və şəraitinə əməl olunmamasıdır.
Maraqlıdır ki, son vaxtlar adi soyuqdəymədən öskürək qazanmış yüzlərlə insan müxtəlif antibiotiklərdən istifadə etsələr də, heç bir təsirini hiss etmir, xəstəlikdən yalnız təbii vasitəsilə- kürəyə banka qoymaqla, itburnu və zəncəfil dəmləmələri, bal, doşab, sirkə içməklə sağalırlar.
Uzun illərdir ki, dərman şirkətləri mövcud və potensial müştərilərinə qarşı reklam təcavüzünə başlayıblar. Belə firma-şirkətlər televiziya verilişlərinə sponsorluq edir, bəzi media nümayəndələrinə “görüm-baxım” eləməklə gizli və açıq reklamdan gen-bol istifadə edirlər.
Saxta dərman preparatı dövriyyəsinin qarşısını almaq məqsədi ilə müəyyən tədbirlər həyata keçirilsə də, bu sahədə hələ də qanun pozuntuları qalmaqdadır. Odur ki, ölkəyə saxta dərmanların gətirilməsinin qarşısını almaq üçün hökumət tərəfindən ciddi tədbirlər görülməlidir.
Başqa məhsullardan fərqli olaraq, saxta dərmanları ayırd etmək çətin məsələdir. Bununla belə, bu mümkündür. Bir qayda olaraq, saxtalaşdırılmış dərman preparatları mötəbər olmayan göstəricilərlə markalaşdırılır. Hətta bəzən quru üzərindəki yazılarda belə səhvlər olur. Bu, artıq istehsalçının qeyri-leqal fəaliyyət göstərməsinə şəhadət verir.
Ümumilikdə isə saxta dərmanları 5 qrupa bölmək olar.
Birinci qrupa aid edilən dərmanlar tam saxtadır, bunların tərkibində bir qram da müsbət təsir göstərə biləcək maddə yoxdur.
İkinci qrup saxta dərmanların tərkibində az-çox təsiredici maddə olsa da, bunlar da müalicə üçün yararsızdır.
Üçüncü qrupdan olan dərmanlarda təsiredici maddə yarıbayarı olur və bunu istifadə edənlər də sağalıb ayağa qalxmırlar.
Dördüncü qrupda maddələrin tərkibi düzgün olsa da, bu dərmanların istehsalçıları qeyri-leqal olur və preparatların istehsalında zəruri texnologiyadan istifadə edilməsi, həmçinin istehsal normativlərinə riayət edilib-edilmədiyinə heç kəs təminat vermir.
Beşinci qrup isə normal dərmanlardı, sadəcə bunlar ölkəyə qeyri-leqal yolla gətirilir. Burada isə sırf kommersiya marağı güdülür.
Apardığımız araşdırma zamanı məlum oldu ki, bu qədər təbliğat aparılmasına baxmayaraq, əksər dərman alıcıları preparatları alarkən onun holoqramlı olub-olmadığına fikir vermirlər. Hansısa “demoqoq” alıcı “bəs bunun holoqramı niyə yoxdur” deyə soruşanda çox vaxt belə cavab alır: “Holoqram dərmanların üstündə olmur ki... Korobkada olur”.
Əslində, holoqram, satılan dərmanların blok qutusunda yox, kiçik qutusunun da üzərində olmalıdır. Bunsuz satılan dərmanların saxta olduğu heç kəsdə şübhə doğurmasın. Hətta, ona da fikir vermək lazımdır ki, holoqramsız dərmanlar daha ucuz olur. Əldə olan məlumatlara görə, saxtakarlar daha çox ağrıkəsici və antibiotikləri saxtalaşdırırlar. Çünki onlara tələbat daha böyükdür.
Hər bir halda dərman alıcıları diqqətli olmalı və şübhəli hallarla qarşılaşdıqda müvafiq orqanlara məlumat verməlidirlər. Aldığınız dərmanları mütləq həkimə də göstərməyiniz lazımdır. Çalışın xəstələnməyin.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.