Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Hər il olduğu kimi, bu ildə də insanlar bayramlaşmaq məqsədilə hər kəs öz sevdiklərinin yanında olur, bir-birilərinə xoş sözlər deyərək Yeni il günü münasibəti ilə təbrik edirlər. Qoy, 2023-cü il bütün dünya azərbaycanlıları üçün xeyirli, uğurlu, düşərli olsun. Xalqımız daima hüzur içində yaşasın. Bəs gəlin görək Vətən Müharibəsində öz canından, qanından keçərək bizim milli rifahımızın, eyni zamanda, ərazi bütövlüyümüzün azadlığı uğrunda cəsarətlə döyüşən qazilərimizin yeni illə bağlı nə kimi düşüncələri var. Mövzu ilə əlaqədar olaraq SİA Vətən müharibəsi iştirakçılarının fikirlərini öyrənib.

Vətən müharibəsi iştirakçısı Rəfael Nuriyev: “İlk növbədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Hər zaman sülh və əmin-amanlıq arzulayıram. 2023-cü ildə də xalqımızı cənab Ali Baş Komandanın ətrafında sıx birləşib dəmir yumruğu hər zaman yerində olduğunu çürük xislətli bədnam qonşularımıza göstərmək lazımdır. Əminəm ki, 2023-cü ildə nəinki ekofəallar, həm də bütün Azərbaycan xalqı Xankəndinə rahat şəkildə gedə biləcəklər. İnşallah 2023-cü ildə bütöv Azərbaycan vətəndaşı kimi dünyaya Azərbaycan xalqının böyüklüyünü bir daha göstərərik”.
Vətən müharibəsi iştirakçısı Çingiz Abdullayev: “Bütün Azərbaycan xalqını qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, yeni ildə artıq Azərbaycan bayrağı Xankəndidə dalğalanar. Xalqımıza daima xoşbəxt, sağlam və sevgi dolu bir il arzulayıram. Allah ordumuzu qorusun. Azərbaycan güclü bir dövlətdir və Azərbaycanın güclü ordusu var”.

Vətən müharibəsi iştirakçısı İbrahim Həsənov: “Mən 13 ilə yaxın Xüsusi Təyinatlılarda iştirak etmişəm. Vətən müharibəsində iştirak edib yaralanmışam. 2023-cü ildə müharibə olmamasını arzu edirəm. Xalqımız hər zaman firavan bir şəkildə yaşasın. Artıq Azərbaycan dövləti şəhid verməsin. Ona görə ki, şəhid valideynləri, balaları gözü yaşlı qalır. Dövlətimizə, xalqımıza 2023-cü ilin düşərli olmasını arzu edirəm”.

Vətən müharibəsi iştirakçısı Turab Allahverdiyev: “Mən qarşıdan gələn dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, onlara uzun ömür, can salığı arzu edirəm. Xalqımızın yeni ili uğurlu və düşərli olsun. Bizim xalqımız hər zaman gözəl günlər görsün. Ali Baş Komandanımızı və ölkənin birinci xanımı Mehriban Əliyevanı da bayram münasibətilə təbrik edirəm. Biz qazilər hər zaman Prezident İlham Əliyevin eyni zamanda Birinci Vitse-prezident Mehriban Əliyevanın, əziz xalqızımın dəstəyini görmüşük, Onların hər zaman bir əli bizim kürəyimizdə olub”.