DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. Bəs hal-hazırda ölkəmizdə nə qədər DOST Agentliyi fəaliyyət göstərir? Gələcəkdə hansı mərkəzlərin açılması nəzərdə tutulub?
Məsələ ilə əlaqədar olaraq SİA-nın sorğusuna "DOST" Agentliyinin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Şahin Əliyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda Azərbaycanda 6 DOST mərkəzi fəaliyyət göstərir: "Bunlardan 5-i Bakı şəhərində, 1-i isə Abşeron rayonunda vətəndaşların xidmətindədir. Yeni istifadəyə verilən 5 saylı Bakı DOST Mərkəzi sosial xidmətlər sahəsində daha böyük ərazini və daha çox əhalini əhatə etməklə keyfiyyətli xidmətin coğrafiyasının genişlənməsinə şərait yaradacaq. Bərdə və Quba rayonlarında DOST mərkəzlərinin tikintisi davam etdirilir. Eyni zamanda Şuşa və Naxçıvanda bu istiqamətdə ciddi iş aparılır. Bu mərkəzlərin 2023-cü ildə açılışı planlaşdırılır.
Ümumiyyətlə isə yaxın 3 il ərzində Azərbaycanın bütün regionlarında DOST şəbəkəsinin tam şəkildə istifadəyə verilməsi gözlənilir".