Artıq üç ildir ki, bəşəriyyət koronavirus pandemiyası içərisində yaşayır. COVID-19-un ilk epidemiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb və bundan sonra dünyada demək olar ki, hər bir insanın həyatı dəyişib. Bu müddət ərzində biz COVID-19-un bir neçə dalğasını müşahidə etdik, virusun müxtəlif ştamları ortaya çıxdı və onlarla mübarizə aparmaq üçün peyvəndlər yaradıldı. Ölkələr məhdudlaşdırıcı tədbirləri sərtləşdirdi, sonra zəiflədi. Ancaq indi də, üç ildən sonra, dünyada bir dövlət var ki, rəsmi məlumatlara görə, heç bir xəstəlik halı aşkar edilməyib - bu, Türkmənistandır.
Son vaxtlara qədər COVID-19-un nüfuz etmədiyi ölkələr sırasına KXDR, eləcə də əhalisi 11 min nəfərdən bir qədər çox olan kiçik ada dövlətləri Nauru və Tuvalu daxildir. Ancaq aprelin əvvəlində Nauruda üç yoluxma hadisəsi aşkar edildi və bir ay sonra, may ayında Şimali Koreya hakimiyyəti ilk kovid hadisəsinin müəyyən edildiyini elan etdi.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Tuvalu da ən uzun müddət dayandı, lakin virus da oraya nüfuz etdi. Belə ki, bu adada noyabrın 8-də 140 xəstəlik hadisəsi aşkar edilib.
Beləliklə, bu gün Türkmənistan dünyada rəsmi olaraq bir dənə də olsun koronavirus hadisəsi aşkarlanmayan yeganə ölkədir.
Qeyd edək ki, pandemiyanın başlanğıcından yerli hakimiyyət orqanları yüklərin daşınmasına və ölkəyə girişə ciddi məhdudiyyətlər qoyub. Belə ki, ötən il iyulun əvvəlində Türkmənistanda yaşı 18-dən yuxarı olan bütün sakinlər üçün məcburi kovid peyvəndi kampaniyasına start verilib. Peyvənd üçün rus preparatları Sputnik V, EpiVacCorona, həmçinin Çin CoronaVac peyvəndi istifadə olunur.
Və sonda bildirək ki, Yer kürəsində heç bir koronavirus hadisəsinin aşkar edilmədiyi başqa bir yer də var - bu, Yeni Zelandiyanın idarə etdiyi Tokelau ərazisidir.
Qeyd edək ki, Tokelau Sakit okeanın ortasında üç mərcan adada yerləşir - ərazisinin ümumi sahəsi təxminən 10 kvadratkilometrdir. Oraya çatmaq üçün Samoadan bir çox saatlıq dəniz səyahətini qət etməlisiniz. Turistlər hər üç adayı ziyarət etmək üçün vizadan əlavə ayrıca icazə almalıdırlar. Əslində Tokelauda turizm ümumiyyətlə inkişaf etməyib və bu günə qədər ora turist kimi gedənlərin sayını barmaqla saymaq olar.
Deyirəm, bəlkə də onları koronavirusdan qoruyan budur.
Ağasəf Babayev