"Serbiya Azərbaycanın Mərkəzi-Şərqi Avropada əsas müttəfiqlərindən biridir. İki ölkə arasında münasibətlər artan strateji xətlə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, eyni zamanda, bu gün həm Serbiya Azərbaycanın mavi qazını idxal etmək istəyir, həm də ölkələr qarşılıqlı investisiya qoyuluşları həyata keçirməkdədir: "Hər iki ölkə rəhbərliyi arasındakı dostluq münasibətləri həm də ölkələr arasındakı strateji əlaqələrə birbaşa təsir göstərir. Bu baxımdan təbii ki, Azərbaycan və Serbiya arasında olan münasibətlər həmçinin qonşuluq siyasətində əməkdaşlıq baxımından bir nümunədir. Çünki ölkələr regionun təhlükəsizliyi və eləcə də milli maraqlar çərçivəsində əməkdaşlıq edir. Bu əməkdaşlıqdan yalnız Azərbaycan və Serbiya deyil, bütövlükdə region xüsusən enerji təhlükəsizliyi kontekstindən faydalanmaq mümkün olur. Son səfərlər bir daha təsdiq edir ki, Serbiya və Azərbaycan arasındakı strateji münasibətlər növbəti illərdə daha da dərinləşəcək".