“2022-ci il bizim üçün çox uğurlu oldu. Bu zaman çərçivəsində bir çox beynəlxalq yarışlarda iştirak etmişik və çox yaxşı nəticələrimiz olub”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı deyib.
Qurum rəsmisi qeyd edib ki, böyüklər arasında keçirilən Avropa çempionatında həm sərbəst, həm də yunan-roma güləşi üzrə mübarizə aparan komandalarımız yüksək nəticələr əldə edərək, Avropa çempionu olublar: Yeniyetmələr üzrə keçirilən Avropa çempionatında da eyni nəticələr əldə olunaraq, Avropa çempionuna çevrildik. Bu bizim üçün bir ilk idi. Medallarımız çox olduğu üçün say deməyə ehtiyac yoxdur. Bu il təşkil olunan beynəlxalq yarışda sərbəst güləş üzrə güləşçilərimiz rekord hesabla birinci oldular. Bakıda təşkil olunan Dünya Kubokunda komandamız 2-ci yerə çıxdı. Həmçinin onu da qeyd edim ki, yunan-roma güləşi üzrə belə bir yarış ilk dəfə bizim ölkəmizdə təşkil olundu. Çimərlik güləşi üzrə də ilk dəfə olaraq Azərbaycan çempionatı keçirildi. Yeni ildən daha çox yarışların keçirilməsini planlaşdırırıq. Bu il ilin sonunda Dünya Güləş Birliyinin proqramında bizim təşkil etdiyimiz yarışda var idi. Düşünürük ki, güləş idman növü üzrə həm gənclər, həm də yeniyetmə idmançılarımızın təcrübəsini artırmaq məqsədi ilə daha çox yarışlar təşkil etməliyik”.