"Ümumiyyətlə dövlət işi ilə sahibkar işi arasında fərq çoxdur. Eyni zamanda, işin məzmunu da fərqli ola bilir. Məsələn, reklam agenti və ya Sosial Media Meneceri kimi fəaliyyət göstərən insanlar evdə də işlə məşğul ola bilirlər. Elə insanlar var ki, daimi işdə oturur və iş saatı bitdikdən sonra heç bir işlə məşğul olmur. Elə insanlar da var ki, daim işdə oturmur amma daim iş fəaliyyəti ilə məşğul olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq-təlimçi Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, indiki kapitalizm dövründə sahibkarlar arasında güclü rəqabət olduğuna və müasir inkişafa görə insanlar daim tələsirlər və işçilər daha çox maaş almaq üçün daha çox çalışmağa məcbur olurlar: "Müdirin iş saatı bitdikdən sonra zəngi əgər işlə bağlıdırsa və çox təcilidirsə, hər gün və ya tez-tez təkrarlanmamaq şərtilə bu normaldır. Həmçinin, müdir vacib tapşırığını iş qruplarında qeyd edə bilər. Amma iş saatından sonra şəxsən bir işçiyə zəng etməsi, xüsusilə də bu əks cinsin nümayəndəsidirsə, ailədə problemlər yarada bilər. Təbii ki, mümkün qədər iş saatı daxilində müdir öz məlumatlarını və ya vacib tapşırıqlarını işçilərinə bildirsə, daha yaxşı olar. Əgər işçi üçün hər hansı bir problem yaratmayacaqsa, qarşılıqlı razılaşma ilə bu hal mənfi nəticəyə gətirib çıxarmaz".