"Subsidiya ödənişləri davam edir" - QURUM RƏSMİSİ AÇIQLADI

28 Dekabr 2022 11:03 (UTC+04:00)

"Respublikada şəkər çuğunduru yığımı hələ də davam edir. Ümumilikdə bu il respublikada şəkər çuğunduru istehsalında yüksək məhsuldarlıq göstəriciləri qeydə alınıb. 2022-ci ildə fermerlər tərəfindən 208409 ton şəkər çuğunduru yığılıb ki, bu da ötən ilin yekun göstəricisindən 16706 ton çoxdur". Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, şəkər çuğunduru istehsalında məhsuldarlıq göstəriciləri də yüksəlib: "Hazırda şəkər çuğunduru üzrə orta məhsuldarlıq 447 sent/ha təşkil edir. Qeyd etməliyik ki, bu 2021-ci ilin orta məhsuldarlıq göstəricisindən 55,8 sentner çoxdur".

Mətbuat katibi sözlərinə davam edərək bildirib ki, Azərbaycanda şəkər çuğundurunun becərilməsi dövlət tərəfindən subsidiyalaşdırılır: "Bu il fermerlər təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə 12 manat subsidiya alacaqlar. Subsidiya ödənişləri davam edir.

Aqrar Subsidiya Şurası ölkədə şəkər çuğunduru istehsalına marağı artırmaq məqsədilə bu məhsula görə müəyyən olunan subsidiyanın miqdarını da 50% artırıb. 2023-cü ildən fermerlər təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə 18 manat məhsul subsidiyası alacaqlar".