Azərbaycanın həqiqətləri dünya ictimayətinə çatdırılmalıdır

27 Dekabr 2022 16:45 (UTC+04:00)

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

Qeyd edilməlidir ki, bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Yaradılan Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, həmçinin bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Qərbi Azərbaycan İcmasının inzibati binasında nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıbdır.

Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla Azərbaycan Prezidentinin görüşü tarixi bir hadisədir. Azərbaycan Prezidentinin dəfələrlə Ermənistanla bağlı söylədiyi tarixi faktlar var ki, bu faktlar əsaslı bir şəkildə ziyalılarımızın tarixdə saxtalaşdırılmış müəyyən məsələlərə yeni gözlə baxmasını və onların doğrusunu ortaya çıxarmasını tələb edir. Bir neçə il öncə Prezidentin özü də söyləmişdir ki, bizim İrəvan şəhəri Azərbaycan cümhuriyyətinin ilk günlərində ermənilərə güzəştə gedilib. Bu da çox böyük bir xəyanətdir. Eyni zamanda ermənilərin Cənubi Qafqaza köçürülməsi, ermənilərin tarixi vətənləri ilə bağlı elmi məlumatlar mövcuddur. Ermənilərin vaxtı ilə Qərbi Azərbaycan ərazilərində yaşaması iddiaları erməni mifologiyasıdır.

Bu gün beynəlxalq birlik respublikamızı regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət kimi tanıyır. Azərbaycan yürütdüyü uğurlu diplomatiya sayəsində bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli təbliğat siyasətini darmadağın edir. Ölkə rəhbərliyinin "hücum diplomatiyası" sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri də puça çıxır. Ermənistan bu gün dünyada işğalçılıq siyasəti yürüdərək özünü qlobal iqtisadi layihələrdən təcrid edən, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən dövlət kimi tanınır. Təcavüzkar dövlət regionda başqa dövlətin "for-postu" kimi çıxış edir və sülh danışıqlarını süni şəkildə uzatmaqla vaxt udmağa çalışır.

Dövlət başçısı İlham Əliyev 2011-ci ilin aprel ayında AMEA-da alimlər qarşısındakı dərinməzmunlu nitqində elm xadimlərini, ümumilikdə cəmiyyətin ayrı-ayrı fəal zümrələrini informasiya savaşında fəal olmağa çağıraraq demişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur".

Adil Əliyev

Xəzər rayonu, 124 №-li tam orta məktəbin direktoru