Almaniyada Türk Mədəniyyəti Festivalı keçirilir

26 Dekabr 2022 20:16 (UTC+04:00)

Almaniyada keçirilən “Avropa Ailələr Günü və Türk Mədəniyyəti Festivalı” qonaqlarını qəbul etməyə davam edir.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Almaniyanın Ştutqart şəhərində ilin son günlərində mühüm festival keçirilir.

Beynəlxalq Vətəndaş Cəmiyyətinə Dəstək və İnkişaf Dərnəyi və Din İşləri üzrə Türk-İslam Birliyinin (DİTİB) təşkilatçılığı ilə keçirilən “Avropa Ailələr Günü və Türk Mədəniyyəti Festivalı”na hər yaşdan gələn ziyarətçi böyük maraq göstərib.

Türkiyedən yazıçılar, rəssamlar və uşaqlar üçün animasiya və teatr kollektivlərinin iştirak etdiyi festivalda ənənəvi türk yeməklərini, türk mədəniyyətini əks etdirən keramika, kaşı və şüşə sənətini təbliğ edən stendlər açılıb.

Festivalda yemək və içkilər, qastronomiya sahələri, suvenir bölmələri, müxtəlif əl işləri və kitab sərgiləri böyük marağa səbəb olub.

2023-cü il yanvarın 1-dək davam edəcək festivalda ziyarətçilər türk mədəniyyətini müxtəlif rənglərdə görmək imkanı əldə edəcəklər.

Festival çərçivəsində 26-27 dekabr tarixlərində bosniyalı sənətçi Zeyd Şoto qonaqlara sufi musiqisi konserti verəcək.