Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında iştirak edən həkimlərin sənədlərinin qeydiyyatı prosesində texniki nasazlıq yaranıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar imtahanların keçirilməsi müvəqqəti təxirə salınıb. Yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində hazırda müvafiq texniki heyət tərəfindən işlər aparılır. Sənədlərin qəbulu və imtahan prosesi yanvarın 10-dan sonra davam edəcək. Bu barədə sertifikasiya imtahanından keçməli olan həkimlərə əlavə məlumat veriləcək.