Xalqını qələbələrə daşıyan Lider!

26 Dekabr 2022 10:55 (UTC+04:00)

Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.

Prezident cənab İlham Əliyev Ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən illərdə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çox şaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir.

Azərbaycanın sürətli inkişafı və əldə edilmiş mühüm tarixi nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: "Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər".

Bu gün xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərini də müəyyənləşdirir. İlk növbədə rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb. Bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi isə Azərbaycanın milli tərəqqisini sürətləndirən, gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.

İnsana qayğı, vətəndaşların maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı müstəqil daxili siyasətin mühüm prinsiplərindəndir. Bu siyasətin başlıca məqsədi sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Hazırda bu istiqamətdə böyük uğurlar əldə edilir. Azərbaycan Prezidenti hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayır ki, layiqli sosial siyasət gələcəkdə də Azərbaycan hökuməti üçün prioritet olaraq qalacaqdır.

Təbii ki, bu nailiyyətlər lider-xalq birliyi, xalqın öz qətiyyətli, milli maraqlara, müasir çağırışlara adekvat siyasət həyata keçirən, dövlətin strateji mənafelərini üstün tutan Liderini birmənalı və prinsipial olaraq dəstəkləməsi sayəsində mümkün olmuşdur. 11 aprel 2018-ci il tarixində keçirilmiş prezident seçkilərinin nəticələri də bu gerçəkliyin daha bir əyani ifadəsi, növbəti bariz nümunəsidir. Seçkilərdə xalqımızın iradəsi əsasında cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi, təbii ki, gözlənilən - proqnozlaşdırılan idi. Çünki o zamana qədər son 15 ildə (2003-2018) Heydər Əliyev siyasətini uğurla, uzaqgörənliklə davam etdirən cənab İlham Əliyev Azərbaycanın iqtisadi potensialının, siyasi nüfuzunun artmasını, ikitərəfli və çoxşaxəli münasibətlərinin inkişafını, beynəlxalq mövqeyinin möhkəmlənməsini, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsini təmin etmiş, mürəkkəb şərtlər və şərait fonunda, sərt geosiyasi mübarizə və rəqabətin aparıldığı vəziyyətdə yaxşı perspektivlər - gələcəyə nikbin baxış formalaşdırmışdı.

44 günlük müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun tam qələbəsi ilə başa çatdı. Bu müharibə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, dünya hərb tarixində isə yeni səhifə açdı. Torpaqlarımız düşmən tapdağından azad oldu, haqq – ədalət bərpa edildi. Artıq işğaldan azad olunmuş torpaqlarda abadlıq işlərinə başlanılıb. Amma çox təssüf ki, müharibələr qurbansız olmur.

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.

Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Şübhəsiz ki, qalib xalq olaraq yaşamaq məğlub toplum kimi siyasi varlığını süründürməkdən şərəfli olmaqla yanaşı, daha çətin və daha məsuliyyətlidir. O səbəbdən hərb meydanında qazanılmış Zəfəri strateji prosesə çevirmək və Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirmək vacibdir, tarixi zərurətdir. Xüsusilə də nəzərə almaq gərəkdir ki, bu Qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması - Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli tərəqqinin yeni mərhələsinin başlanğıcı, yeni şanslar, yeni fürsətlər, yeni perspektivlər deməkdir.

Azərbaycanın qarşısında duran strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işlərinin aparılması, həmin torpaqlarda layiqli və dayanıqlı məskunlaşmanın təmin olunması üçün Böyük Qayıdışın həyata keçirilməsidir. Bu istiqamətdə mühüm addımlar atılır, həmin ərazilərdə müasir texnologiyalardan istifadə olunur, innovasiyalar tətbiq edilir, yeni infrastruktur yaradılır, beynəlxalq əməkdaşlıq çərçivəsində investisiya cəlb olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanından irəli gələn vəzifələrin icrası da diqqət mərkəzində saxlanılır. Şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə ardıcıl işlərin görülməsi, iqtisadi potensialdan səmərəli istifadə olunması milli inkişafın sürətlənməsinə əlavə təkan olacaq.

Azərbaycanın hərbi-siyasi və dip¬lomatik sahədə uğurları birbaşa İlham Əliyev fenomenal istedad sahibi olma¬sının göstəricisidir. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir. Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri olur. Cənab İlham Əliyev xalqın alternativsiz lideri, xilaskarıdır.

Vüqar Nəsirov

YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı