"Tiktok" qadağan olunub

24 Dekabr 2022 15:52 (UTC+04:00)

2023-cü maliyyə ilinin sona çatacağı 30 sentyabr 2023-cü ilə qədər ABŞ federal hökumətinin maliyyələşdirilməsini nəzərdə tutan büdcə layihəsi 201 əleyhinə 225 səslə qəbul edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçən həftə təsdiqlənən müvəqqəti büdcəyə saatlar qaldığı halda, dünən Senatdan sonra Nümayəndələr Palatasının bu gün qəbul etdiyi büdcə qanun layihəsi qüvvəyə minmək üçün prezident Co Baydenin imzasına təqdim ediləcək.

Baydenin bu gecə yarısından əvvəl büdcə qanun layihəsini imzalaması və onun qüvvəyə minməsi ilə federal hökumətin maliyyə çatışmazlığı səbəbindən bağlanmasının qarşısı alınacaq.

Aylarla davam edən danışıqlardan sonra razılaşdırılan büdcə paketinə 772,5 milyard dollarlıq qeyri-müdafiə xərcləri və 858 milyard dollarlıq müdafiə maliyyəsi daxildir.

Sözügedən büdcə layihəsinə Ukraynaya 45 milyard dollarlıq hərbi, humanitar və iqtisadi yardım da daxildir.

Büdcə qanun layihəsində federal hökumət işçilərinin "tiktok"u dövlətə məxsus cihazlara yükləməsini qadağan edən tənzimləmə də var.

Qanun layihəsi həmçinin, ölkə daxilində icmaların quraqlıq, qasırğa, daşqın və meşə yanğınları kimi təbii fəlakətlərdən sağalmasına kömək etmək üçün təxminən 40 milyard dollar vəsait ayırır.