Dekabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi ölkə üzrə eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçiriləcək. SİA xəbər verir ki, bu gün həmin yarışın açılış mərasimi Bakı Su İdman Sarayında keçirilir.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edir.
Yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan ediləcək və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.
Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar kateqoriyalarında keçiriləcək. Yarışlar dekabrın 24-də, 25-də və 26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.
Yarışlarda iştirak ödənişsizdir. Qeydiyyat üçün [email protected] e-mailinə adınızı, soyadınızı, yaşınızı, telefon nömrəinizi, yarışacağınız tarixi, vaxtı (10:00-13:00 və ya 15:00-18:00), üzəcəyiniz hovuzun adını yazıb göndərmək və ya sadəcə 187 qısa nömrəsinə (yaxud 012-499-79-85) zəng etmək (saat 09:00-dan 18:00-dək) kifayətdir.