Hollandiya Ukraynaya humanitar yardım edəcəyini açıqlayıb

24 Dekabr 2022 08:15 (UTC+04:00)

Hollandiya hökuməti 2023-cü il büdcəsindən Ukraynaya hərbi və humanitar yardım olunacağını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hökumətin verdiyi açıqlamada gələn il büdcədən Ukraynaya göndəriləcək yardımın 2,5 milyard avro olduğu bildirilib.

Bəyanatda qeyd olunub ki, bu məbləğ ilk növbədə hərbi texnikanın təminatı, dağıdılmış şəhərlərin bərpası, infrastruktur və üst tikililərin təmiri, törədilmiş cinayətlərin araşdırılması üçün istifadə olunacaq.

Baş nazir Mark Rutte "Tviter" səhifəsində "Rusiya mübarizə apardıqca Hollandiya Ukraynaya kömək etməyə davam edəcək. Biz 2023-cü ildə hərbi, humanitar və diplomatik yardım üçün 2,5 milyard avro ayırdıq. Bunu telefon danışığında Zelenskiyə çatdırdım" deyə açıqlama verib.