Dövlətçilik tarixinin, adət-ənənələrin, elm və mədəniyyətin təbliğinə hər zaman diqqət olub – TƏHLİL

23 Dekabr 2022 19:24 (UTC+04:00)

Azərbaycan xalqının çox qədim tarixi köklərinin olduğunu, bu xalqın zəngin irsə, milli adət-ənənələrə, elm və mədəniyyətə, eləcə də dövlətçilik tarixinə malik olduğunu bütün dünya xalqları yaxşı bilirlər. Bilirlər ki, xalqımız dünyanın ən qədim dövlətçilik tarixinə malik olan xalqlarındadır və Azərbaycan xalqının təqribən 5 min illik dövlətçilik tarixi var. Məhz ən qədim dövlətçilik tarixinə malik olan, eləcə də dövlətçilik ənənələrinə bağlı olan bu xalq həmin təməllər üzərində öz mədəniyyətinə, adət-ənənələrinə sahib çıxıb və sevindirici haldır ki, mənəvi dəyərlərini bu günə qədər də qoruyub saxlayıb.

Xalqımızın çox qədim dövlətçilik tarixinə malik olduğunu sübut edən abidələr, eləcə də kitabələr və salnamələr az deyil. Azərbaycan xalqının hələ eramızdan əvvəlki minilliklərdə dövlətçilik tarixini sübut edən abidələr günümüzə qədər də gəlib çatıb. Bilirik ki, Azərbaycan ərazisində mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, eləcə də Talış dağlarında, Naxçıvanda, Zəngilanda, Kəlbəcərdə, Gədəbəydə, Göygöldə, Şamaxıda belə mağaralara rast gəlinir və buna misal olaraq Fizuli rayonu ərazisindində aşkar edilən Azıx mağarası artıq dünyaca məşhurdur. Ölkəmizin ərazisində yerləşən mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik, yəni baca açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur. İbtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələnib və təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilib. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərgüşad, Həkəri çayları vadilərində, Şirvan regionunda Mərəzə, Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərdə də təsadüf edilir. Deməli, eramızdan əvvəl birinci minilliyə təsadüf edən Manna dövlətinin ərazisindəki bu mağaralar sübut edir ki, bir necə minilliklər əvvəl xalqımızın dövlətçilik ənələri olub.

Tarixə ekskursiya etdiyimiz zaman dövlətçilik ənənələrimizin daha qədim dövrə təsadüf etdiyinin şahidi olarıq. Şahidi olarıq ki, artıq eramızdan əvvəl üçüncü minillikdə Azərbaycanın cənubunda ilk tayfa birlikləri və erkən dövlət qurumları meydana gəlmişdi. Eramızdan əvvəl üçüncü və ikinci minilliklərdə Urmiya gölünün qərbində və cənub-qərbində kuti, cənubunda lullubi, turukki tayfaları məskunlaşmışdılar, hansıki qədim Azərbaycan tayfaları haqqında ilk yazılı məlumatlar şumer dastanlarında və mixi yazılarında qeyd olunur. Buna əsasən də bəlli olur ki, eramızdan əvvəl üçüncü minilliyin ikinci yarısında Azərbaycanın cənubunda Lullubi tayfa ittifaqı yaranmışdı ki, bu da düz beş min il bundan əvvələ təsadüf edir. Eramızdan əvvəl 2170-2150-ci illərdə, hökmdar Anubaninin dövründə Lullubilərin Akkad dövlətinə qarşı mübarizə apardıqları, Lullubi dövlət qurumunun daha da güclənməsi, onun uğurları eyni zamanda, “Anubaninin daş sütünü” (“Qələbə abidəsi”) üzərindəki mixi yazılarda da həkk olunub və bütün bunlar xalqımızın dövlətçilik tarixinin beş min ilə yaxın olduğunu təsdiqləyir. Belə tarixi faklar və dövrümüzə qədər gəlib çıxan kitabələr yetərincədir, hansıki bunun daha dərindən araşdırılması, eləcə də təbliğ edilməsi olduqca vacibdir. Ələlxüsus, bizə məxsus olan maddi, mədəni nə varsa hamısını özününküləşdirmək, oğurlamaq istəyən, bu məqsədlə də xalqımızın tarixi kökləri, dövlətçilik ənənələri barədə yalan məlumatlar yaymağa çalışan ermənilərin “canfəşanlıq” etdiyi bir zamanda bu məsələ öz aktuallığını qoruyur və daha vacib hesab olunur.

Özünün qədim dövlətçilik tarixi olan Azərbaycan xalqı zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verən milli adət-ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edir. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynayır. “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”, deyə bildirən Ümummilli Lider Heydər Əliyev adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirirdi. Onu da qeyd edək ki, adət və ənənələrin milli mənəvi dəyərlər sistemində oynadığı əvəzsiz rollardan biri də hər bir ənənənin müəyyən əxlaqi məna daşıması ilə bağlıdır, belə ki, adət və ənənələrimiz hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri qoruyub, yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir.

Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyicisi və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Düz 30 ilə yaxın müddət ərzindən düşmən tapdağı altında qalan 20 faiz torpaqlarımızın işğaldan azad edilməsində biz bunun bir daha əyani şahidi olduq. Tək biz yox, bütün dünya şahidi oldu ki, cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəldən adət və ənənələrimiz dövlətimizin gücünə güc qatdı, dövlətimizin qüdrətini daha da artırdı və həqiqətən də on minlərlə əsgərin gördüyü işdən də artıq iş gördü. Xalqımızın “dəmir yumruq” şəklində birləşərək düşmənin başını ən qısa zamanda əzməsi bunun əyani sübutudur.

“Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar və bu, bizim adət və ənənələrimizdir”, deyə bəyan edən Ulu Öndər Heydər Əliyev adət və ənənələrimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın-dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirdiyini göstərir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev yaxşı başa düşürdü ki, milli dövlətçilik milli-mənəvi dəyərlər sistemi ilə sıx daxili vəhdətdədir. O, bu çərçivədə də gənc nəsli saf əxlaqi ruhda tərbiyələndirməyin dövlətimiz qarşısında ən zəruri vəzifələrdən biri olduğunu dönə-dönə vurğulayırdı. Çünki adət və ənənələr yetişməkdə olan gənc nəsildə güclü təsir buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında əsl həyat məktəbi rolunu oynayır. Bu adət və ənənələr mənəvi baxımdan nə qədər zəngin olsa, həmin gənclər də o qədər cəmiyyət üçün xeyirli şəxs kimi yetişər və dövlətin daha da güclü olmasına öz töhfəsini verər.

Hazırda milli adər-ənənələrimizə göstərilən diqqət də təsadüfi deyil. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyev xalqımızın milli adət-ənənələrinə xüsusi diqqət ayırır. Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələrini, milli ənənələri nəzərə alaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edilib və edilməkdədir, hansıki bunun sayəsində davamlı şəkildə uğurlar qazanılır. Azərbaycan bu gün beynəlxalq miqyasda ən sürətlə inkişaf edən, iqtisadi sahədə də ən böyük nailiyyətlər əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi də özünü təsdiq edib. Dünyaya inteqrasiya olunduğumuz zamanda Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə heyrət doğura bilib. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Belə bir tarixi irsin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər zənginləşir, Azərbaycanın dünyaya töhfələr verən abidəsi olduğunu sübut edir. Təbii ki, bu abidələr fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur. Cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq imzalanan sərəncamlarda bu ifadə öz təsdiqini bir daha tapır. Ölkə rəhbərinin, Prezidentin sərəncamı ilə bir sıra mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi, eləcə də bərpası, məsələn, Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması qədim və zəngin mədəni irsə olan diqqətin bariz nümunəsidir.

Müəllif: İnam Hacıyev

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.