Prezidentin apardığı kadr siyasəti nəyə hesablanıb? - DEPUTAT DANIŞDI

23 Dekabr 2022 16:36 (UTC+04:00)

"Azərbaycanda bir müddətdir, ciddi islahatlar həyata keçirilir və yeni idarəetmə mexanizmləri yaranır. Bu baxımdan Naxçıvanda edilən son dəyişikliklər də ümumilikdə Azərbaycanda həyata keçirilən dəyişikliklərin tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezidentin xüsusi nümayəndələri əsasən işğaldan azad olunmuş ərazilərə təyin olunurdu: "Artıq Naxçıvanda da belə bir tədbir həyata keçirildiyinin şahidi olduq. Hər birimiz cənab Prezidentin xüsusi nümayəndə təyin edərkən ona verdiyi tapşırıqları xatırlayırıq. Yeni təyin olunan xüsusi nümayəndənin qarşısında çox mühüm vəzifələr durur. Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onlarla münasibətin düzgün qurulması, eləcə də mövcud problemlərin aradan qaldırılması istiqamətində addımların atılması kimi vəzifələr müəyyənləşdirilib. Hesab edirəm ki, bu çox vacib bir məsələdir və gözləntilər böyükdür".

Deputat sözlərinə davam edərək qeyd edib ki, Naxçıvandan Bakıya çox sayda insan gəlir: "Həmin insanların geriyə qayıtması üçün də müəyyən addımlar atılacaq. Bu, Naxçıvanda sosial-siyasi duruma öz müsbət təsirini göstərəcək. Eyni zamanda, əvvəlki dövrdə Naxçıvanda müəyyən mərkəzdənqaçma hallarını da müşahidə edirdik. Burada artıq vahid idarəçilik sistemi yaradılır. Bütün strukturlar birbaşa Bakıya tabe olacaq. Nəzərə almalıyıq ki, Naxçıvan bizim üçün çox həssas bir bölgədir. Bizim Naxçıvandan quru sərhədimiz yoxdur. Qarşımızda çox mühüm vəzifələr var. Bu vəzifələri cənab Prezident müəyyənləşdirib. İnanıram ki, yeni təyin olunan xüsusi nümayəndə də müəyyənləşdirilən vəzifələri yerinə yetirəcək. Biz Naxçıvanın daha da inkişaf etməsinin şahidi olacayıq".