Xocasən stansiyasının üstünlüyü nədən ibarətdir? - QURUM RƏSMİSİ AÇIQLADI

23 Dekabr 2022 14:54 (UTC+04:00)

“Xocasən” stansiyasının özəlliyi ondan ibarətdir ki, Bakı Metropoliteninin tarixən ikinci yerüstü stansiyasıdır. Metro prinsiplərinə görə hər bir metro xəttinin özünün elektrik deposu olmalıdır. Bənövşəyi xəttin elektrik deposu Xocasən qəsəbəsinin ərazisində inşa olunub. Bu ərazinin xüsusi tələbatı öyrənilərək burada daha bir stansiyaya ehtiyac olduğundan yerüstü stansiyanın olmasına qərar verilmişdir”. Bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, deponun inşası 3 mərhələdə planlaşdırıldığından bu stansiyanın inşası ikinci mərhələdə başa çatmalıydı: “Lakin günümüzdə artan nəqliyyat sıxlığı və əhalinin tələbatı nəzərə alınaraq işlər sürətləndirildi və stansiyanın inşası birinci mərhələ ərzində başa çatdırıldı. Yerüstü stansiyanın özünəməxsus çətinlikləri də olur. Bu stansiyanın platforma səviyyəsində, yəni sərnişinlərin qəbul edilib- yola salındığı stansiya yolu adlandırdığımız hissəsi açıq hava şəraitində yerləşir. Kəskin hava şəraitindən, atmosfer təsirindən, xüsusən yağıntılı havadan sərnişinləri qorumaq üçün stansiyanın platforması xüsusi çətirlə örtülüb. Bu, sərnişin rahatlığı ilə yanaşı, eyni zamanda Bakı metropoliteninin platformaaltı avadanlıqlarının atmosfer təsirlərindən qorunmasına da xidmət edir. Beləliklə, stansiyanın ömrü daha da uzun olacaq.

Mətbuat katibi qeyd edib ki, stansiya infrastrukturuna görə vestibür və platforma səviyyəsindən ibarətdir: “Vüstibür sərnişinlərin qəbul olunduğu, gediş haqqının ödəndiyi sahədir. Daha sonra 59 metr uzunluğunda keçid və keçidin sonunda qatarların qəbul olunduğu, yola salındığı hissəyə 2 ekskavator və pilləkənlərdən ibarət 4,9 metr hündürlükdə hissə var. Stansiyanın inşası depo ərazisinin özünün relyefinə uyğun olaraq tikilir. Yəni, inşa zamanı avtomobil yollarından fərqli olaraq müəyyən hündürlüklər, mailliklər, bucaqlar xüsusi nəzərə alınmalıdır. Çünki burada qatarların hərəkətinin təhlükəsizliyi təmin olunmalıdır”.