“Ermənistan: müqəddəs torpaq” adlı qonradma filmdə Qarabağdakı dini məbədlərimiz erməniləşdirilib
Fransanın erməni əsilli rejissoru Nare Tadevosyanın çəkdiyi “Ermənistan: müqəddəs torpaq” adlı filminin Parisdə, Marseldə və ölkənin digər şəhərlərində yayımlanması bir daha sübut etdi ki, yalnız bu ölkənin siyasi hakimiyyəti deyil, bütövlükdə ortaq marağı Azərbaycana qarşı kirli siyasət yürütməkdən ibarətdir.
Diqqətçəkən məqam isə budur ki, 2019-cu ildə, yəni torpaqlarımızın işğal altında qalan vaxtlarında çəkilən filmdə rejissor müasir kinoindustriyanın bütün xüsusi effektlərindən istifadə etməklə Qarabağın füsunkar təbiətini göstərib. Amma bununla yanaşı, guya “tarixlər boyu bu torpaqlarda yaşayan və yaradan” (əslində dağıdan və məhv edən-R.R.) ermənilərin “öz müqəddəs məkanlarına” necə qiymət verdiklərini nümayiş etdirməyə cəhd göstərib. Niyə məhz “öz” dırnaq arasında verilir? Ona görə ki, həmin müqəddəs məkanların onlara heç bir aiddiyatı yoxdur. Bu məkanlar Azərbaycan xalqının qədim irsinin sübutudur və onlar Alban məbədləridirlər!
Beləliklə filmdə birmənalı olaraq Alban kilsələri göstərilib ki, bu kilsələr çoxsaylı saxtakarlıqlar vasitəsi ilə erməni kinorejissorun həmsoydaşları tərəfindən erməniləşdirilib. Faktlar, arxivlər də sübut edirlər ki, kilsələr, məbədlər əsla ermənilərə məxsus deyil və bu tikililərin əsrlər boyu dayanmasına baxmayaraq rejissorun qrafist və fotoşoperlərinin bacarıqlı əlləri ilə fransız tamaşaçılarının gözlərində “gözəl kilsələri ilə bol olan qədim və xeyirxah erməni vilayəti” canlandırılır. Halbuki, bütün bu kilsələr və məbədlər 30 il dəhşətli və yarımsökülü vəziyyətlərdə qalmaqda davam edirdi!
Erməni terrorçuları 44 günlük İkinci Qarabağ müharibəsi dövründə həmin məbədləri hərbi hissələrinin dayaq məntəqələri kimi istifadə edirdilər. Məhz bu xüsusda Nare Tadevosyana daha bir sual verməyin yeridir – görəsən, filmdə nəyə görə müsəlmanlara aid müqəddəs məkanlar, məscidlər çəkilməyib, xatırlanmayıb?
Çox yəqin ki, elə Narenin özü üçün də sirr deyil ki, Qarabağdakı məscidlər “xeyirxah və Allahsevər ermənilər” tərəfindən donuzxanalar, mal tövlələri kimi istifadə olunub. Hər halda internet şəbəkələrində bunu sübut edən minlərlə video və foto dəlillər var. Fəqət, həmin fakt və dəlilləri Parisin özündə, Vaşinqtonda, Kanadada və s. ölkələrdə bilənlər çox azdırlar. Onların çoxu məlumatsızdırlar ki, Ermənistanın Azərbaycan torpaqlarını işğala məruz qoyduqları zamanlara qədər. Daha dəqiq desək, 1988-ci ildə 403 tarixi-dini abidələr mövcud olub: məscidlər, məbədlər, pirlər. Son 30 ildə ermənilər tərəfindən bütün mədəni, dini və s. irsimiz darmadağın olunub. Ümumilikdə isə 67 məscidddən 63-ü tamamilə dağıdılıb və yer üzündən silinib, 4-ü isə qismən məhvə məruz qalıb. Görəsən Nare Tadevosyan bu reallıqları çəkməkdən utanıb, yoxsa təmsil etdiyi millətinin murdarlıqlarını gizlətməyə çalışıb..?
Rövşən RƏSULOV