"Xocasən" elektrik deposunun və "Xocasən" stansiyasının açılışı olub

23 Dekabr 2022 14:28 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakı Metropolitenin “Xocasən” elektrik deposunun və “Xocasən” stansiyasının açılışında iştirak edib. Açılış zamanı metropolitenin sədr müavini Hidayət Məmmədov və mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamalar verib. SİA xəbər verir ki, 55 il bundan əvvəl fəaliyyətə başlayan Bakı Metropoliteninin ikinci deposu istismara verilib. Ümumən 24.28 hektar ərazini əhatə edən deponun bütün infrastruktur layihələrinin inşası 3 mərhələdə nəzərdə tutulub. Hazırda xəttin 4 stansiyasını və tunellərini əhatə edən mövcud infrastrukturu üçün mühüm olan sahələr yaradılıb. Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca, tələbata uyğun aparılacaq.

Birinci mərhələdə müvafiq köçürmə işləri tamamlanaraq, depo ərazisinin cənub istiqamətindəki yüksəkliyin torpaq sürüşməsindən qorunması üçün istinad divarları tikilib. İşlərin son mərhələsində depo ərazisinin təhlükəsziliyini təmin edən sistemlərlə yanaşı, Bakı dairəvi yoluna baxan divarlarda dövlətin qayğı və diqqətini, Bakı metropoliteninin 55 illik tarixini və bu xüsusda Ulu öndər Heydər Əliyevin metropolitenə misilsiz əməyini, son 5 il ərzində həyata keçirilən əsas infrastruktur, o cümlədən insan resurslarına yönəlmiş layihələri əks etdirən stendlər yer alıb. Ərazidə abadlaşma işləri aparılıb, yaşıllıqlar salınıb, ərazinin torpaq xüsusiyyətləri nəzərə alınmaqla, ağaclar əkilib. Qeyd edək ki, depo ərazisində də müvafiq qaydada yaşıllıqlar salınıb, işçilərin asudə vaxtlarının təşkili məqsədilə guşələr, portal sahəsi boyunca yamacda 2000-dən artıq ağac və kol əkilməklə yaşıllıq zolağı yaradılıb. Bu, ətraf ərazinin ekoloji mühitini yaxşılaşdırmaqla yanaşı, yoxuşun torpaq qatının möhkəmliyinin daha da gücləndirilməsinə xidmət göstərəcək.

Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun ərazisində eyniadlı yerüstü stansiya istismara verilib. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyasıdır. Layihəsi “Bakı Metropoliteni” QSC-nin “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanan stansiyanın tikintisi inşaat işlərinin ikinci mərhələsinə planlaşdırılsa da, ərazinin sürətli sosial-iqtisadi inkişafı, əhalinin məskunlaşma tempi və yol infrastrukturunun şaxələnməsi nəzərə alınaraq, birinci mərhələyə keçirilib.

Çingizxan küçəsi 55 ünvanında yerləşən “Xocəsən” stansiyası iki mərtəbəlidir. Kompleksin ümumi sahəsi 4204.53 m2, uzunluğu isə 165 metrdir.

Qatarların Bənövşəyi xətt üzrə “Xocəsən” stansiyasına və əksinə, hərəkəti xüsusi cədvəllə təmin olunub. Cədvəllər metropolitenin rəsmi internet saytında dərc edilir.