Yeni ildən iflyasiya ola bilərmi? - İQTİSADÇI MÖVCUD DURUMU ŞƏRH ETDİ

23 Dekabr 2022 12:32 (UTC+04:00)

“Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

İqtisadçı qeyd edib ki, dünya iqtisadiyyatında baş verən bütün proseslər bizə də təsir göstərir: “Son zamanlar Azərbaycan yüksək inflyasiya və qiymət artımlarının olması daxili problemlərlə yanaşı xaricdə baş verən proseslərlə bilavasitə bağlıdır. Azərbaycan iqtisadiyyatının əsas aparıcı qüvvəsi neft-qaz sektorudur. Buna görə də iqtisadiyyatımız neft-qaz qiymətlərindən asılıdır. Əgər gələn ildə neft və qaz qiymətlərimiz bu qədər yüksək olacaqsa, Azərbaycan iqtisadiyyatında hansısa ciddi bir problemlərin olacağı barədə düşünmürəm. Neft-qaz qiymətləri 80-90-100 dollar qiymətində qalsa bu cür problem yaşamayacağıq. Lakin hər hansısa bir inflyasiya prosesi yenə də davam edəcək. Bunun öz obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri yuxarıda qeyd etdim. Subyektiv səbəbləri isə ondan asılıdır ki, daxildə rəqabət sisteminin zəif olması, vergi və gömrük siyasəti ilə əlaqədardır. Misal olaraq 18 faiz əlavə dəyər vergisi və s. Yəni bütün bunları nəzərə alsaq, gələn il də qiymət artımı müşahidə olunacaq. Bu da Azərbaycan əhalisinin real gəlirlərinin azalmasına səbəb olacaq”.