“Cənab Prezidentin Naxçıvana səlahiyyətli nümayəndə təyin etməsi dövlətçilik baxımından çox düzgün bir addımdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə Naxçıvan Muxtar bölgəmiz olsa da, o Azərbaycanın ayrılmaz bir tərkib hissəsidir: “Ümumdövlət strateji xəttini birbaşa Prezidentin səlahiyyətli nümayəndəsi vasitəsilə həmin bölgədə həyata keçirməsində son dövrlərdə ehtiyac yaranıb. Naxçıvanın özünün idarəetmə orqanları və konstitusiyası var. Bu idarəetmə orqanları günün tələblərinə cavab verir. Lakin bununla belə Naxçıvanla mərkəzi hakimiyyət orqanlarının birbaşa əlaqəsinin yaranması və prezidentinin xəttinin səlahiyyətli nümayəndə vasitəsilə həmin regionda yerinə yetirilməsinin təyin edilməsi günümüzün əsas tələblərindən biridir.
Bu gün cənab Prezidentin apardığı siyasət Azərbaycanın beynəlxalq aləmdə tanınmasına səbəb olub. Daxili siyasətdə iqtisadi potensialımız güclənərək regionlarımız inkişaf edir, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə həyatımız yenidən qurulur. Bu fəaliyyətdə də Naxçıvanın öz yeri var. Cənab Prezident yeni təyin etdiyi nümayəndə ilə görüşündə ona Naxçıvanla bağlı qarşısına çox ciddi vəzifələr qoydu. Prezident ilk növbədə həmin ərazilərdə həyat şəraitinin yüksəlməsi, insanların rifah halının yaxşılaşdıırlması, bəzi Naxçıvan dövlət orqanlarında baş vermiş korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, muxtar respublika ilə bəzi əlaqələrin gücləndirilməsində səlahiyyətli şəxsin ciddi vəzifələri yerinə yetirilməsini bildirdi. Bu proseslər mütləq şəkildə yerinə yetirilməlidir. Belə bir postun təsis edilməsi Azərbaycan dövlətçiliyinin təmin edilməsi yeni bir mərhələdir. O, Naxçıvanın daha da inkişaf etməsinə, potensialının maksimum səviyyədə istifadə edilməsinə eyni zamanda Naxçıvan vasitəsi ilə Azərbaycanın dünyaya çıxışının daha da genişlənməsinə imkan verəcəkdir. Nəzərə alsaq ki, bu gün Azərbaycanın qarşısında duran dövlətçilik məsələlərinin əsasında Zəngəzur dəhlizinin işə salınmasıdır. Bu həyata keçdikdən sonra Naxçıvanda həyat tamamilə dəyişəcək, çox sayda yüklərin və insan axının Zəngəzur vasitəsilə Naxçıvana oradan isə bütün dünyaya çıxışın təmin edilməsi tamamilə yeni infrastrukturun yaranmasına səbəb olacaq”.