Azərbaycanın turizm potensialına baxış - ARAŞDIRMA

22 Dekabr 2022 17:39 (UTC+04:00)

Hər şeydən uzaqlaşmaq və biraz beynimizi dincəltmək zamanı gəldikdə ağlımıza ilk gələn şeylərdən biri gözəl bir oteldə sakit istirahətdir. Bəs, dincəlmək üçün ehtiyacımız olan bu otellər niyə belə bahadır? Azərbaycanda turizm hansı səviyyədə inkişaf edib? Otellərin doluluq səviyyəsi necədir? Ölkəmizdə turizm sahəsində hansı problemlər var?

Müxtəlif standartlara uyğun imkanlar təklif edən milyonlarla otel, dünyanın hər yerində qonaqlarına ən yaxşı istirahət təqdim etmək üçün yarışır. Təbii ki, memarlıq detalları ilə fərq yaradan, dekorasiya üstünlüyü ilə saraylarla yarışan, texnoloji infrastrukturu ilə qonaqlarını təəccübləndirən, təbiətin bütün gözəlliklərini ortaya qoyan, qonaqlarını dünyanın ən önəmli insanları kimi hiss etdirən lüks və bahalı otellər ön sırada gəlir.

Verdikləri dəbdəbəli xidmətə görə astronomik qiymətlər tələb edən dünyanın ən bahalı otellərinin siyahısı da hər il yeni obyektlərin əlavə olunması ilə yenilənir və dəyişdirilir.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 19-da paytaxtda “The Ritz-Carlton Baku” hotelinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım hoteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verildi ki, hündürlüyü 130 metr olan hotel binası 33 mərtəbəlidir. “The Ritz-Carlton, Baku” hotelində 190 geniş qonaq otaqları, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi hotel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir.

Qeyd edildi ki, binada korporativ toplantıların və xüsusi günlərlə bağlı tədbirlərin təşkili üçün də ideal şərait yaradılıb. Buradakı “Şuşa” zalı işgüzar görüş və ya qala tədbirlərin keçirilməsi baxımından xüsusi məkandır. Bununla yanaşı, hoteldə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını daşıyan 12 əlavə iclas otağı yaradılıb. Bunlar “Qarabağ”, “Ağdam”, “Cəbrayıl”, “Qubadlı”, “Tərtər”, “Xocalı”, “Füzuli”, “Zəngilan”, “Kəlbəcər, “Xankəndi”, “Xocavənd” və “Laçın” otaqlarıdır.

Bildirildi ki, binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Hotelin memarlığında Azərbaycana aid xüsusiyyətlərə - tarixin, incəsənətin, mədəniyyətin və müasir tendensiyaların vəhdətinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı başlıca prioritetlərdəndir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin əyani təsdiqidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasət sayəsində Azərbaycanda müasir hotel infrastrukturunun yaradılmasına hələ uzun illər bundan əvvəl başlanılıb. Pandemiyanın yayıldığı 2020-ci ilədək hər il çox sayda turist ölkəmizə səfər edib, müasir turizm imkanlarından yararlanıb. Artıq dünyada olduğu kimi, ölkəmizdə də postpandemiya dövrü yaşanır. Bu isə öz növbəsində turist axınının artması ilə müşayiət olunur. Bu cür müasir və dünyaca məşhur hotel brendlərinin Azərbaycanda fəaliyyətə başlaması şübhəsiz ki, postpandemiya dövründə turizmin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

SİA ölkəmizdə otel turizminin inkişafı ilə bağlı araşdırma aparıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədr müavini Əhməd Qurbanov: "Bildiyimiz kimi 2020-ci ildə pandemiya başladı və pandemiyanın ölkədə ən çox mənfi təsir etdiyi sferalardan biri təbii ki, turizm sahəsi oldu. Həmin dövrdə turizm dayanma nöqtəsinə gəlib çatmışdı.

2021-ci ildə, yəni müəyyən dərəcədə qadağaların ləğvindən sonra turistlər ölkəmizə gəldi. 2022-ci ildə biz artıq müşahidə etdik ki, turizmin inkişafı artan templə gedir və ölkəyə turist sayında 2021-ci illə nisbətdə kifayət qədər artım müşahidə olunur. Bu baxımdan mən düşünürəm ki, hal-hazırda ölkəmizdə turizmin inkişafı çox müsbətə doğru irəliləyir və turistlərin sayı artır.

Bununla yanaşı, biz yeni otellərin açılışlarını görürük. Cənab Prezident də bu yaxınlarda bir otelin açılışını etdi. Bilirik ki, bu otel dünyada bir nömrəli brend otellərdəndir və yüksək standartlara uyğundur. Bu tip otellərin sayının ölkəmizdə artması turizmin inkişafına işarədir və bizim otellərin sayı nə qədər çox çoxalarsa, bir o qədər də rəqabət qabiliyyətliliyi ilə ölkədə turizmin inkişafı gedər. Müəyyən dərəcədə də stabilləşməni biz görə bilərik.

Hal-hazırda inkişaf yaxşı gedir və həm regionlarda, həm paytaxtdakı otellərin doluluq səviyyəsinə baxsaq görərik ki, kifayət qədər yüksəkdir. Hətta regionlarda həftə sonları doluluq sayı 90 faiz civarında olur ki, bu da otelin tam dolmasına işarədir.

Yeni turistlərin də ölkəyə axınını görürük. Ölkəmizə müxtəlif ölkələrdən turistlər gəlir. Ərəb ölkələrindən gələn turistlərin sayı artıq 17 dəfə artmışdır, Hindistandan, Pakistandan, Avropadan və digər ölkələrdən ölkəmizə turistlərin gəlməsini müşahidə edirik. Bu hamısı inkişafa işarədir və biz gələn il artıq yeni turizm bazarlarından ölkəyə turistlərin cəlbi ilə bağlı proqnozlar verə bilərik. Düşünürük ki 2023-cü ildə rəqəmlər 2022-ci ili də üstələyəcək və artıq ölkəmizə müxtəlif bazarlarda müxtəlif seqmentlərdən olan turistləri cəlb edə bilərik.

Bütün bunlar yeni turizm növlərinin tətbiqi ilə də müşahidə olunur. Hal-hazırda qış fəslidir və qış sezonunun ən pik vaxtlarından biridir və qarşıdan da yeni il gəlir. Yeni il ərəfəsində də qeyri-iş günlərini, tətil günlərini nəzərə alsaq, xaricdən gələn turistlərin sayında yenə də artım müşahidə edəcəyik, həm vətəndaşlarımız yerli turistlərimiz regionlarda və xarici ölkələrə səfər edəcəklər.

Ümumiyyətlə, sevindirici hal odur ki artıq vətəndaşlarımız xarici ölkələrdən çox yerli otellərimizdə, yəni regionlarımızda istirahəti üstün tuturlar. Yəni otellər və istirahət zonalarında müəyyən boşluqlar var idi ki, onlar da yavaş-yavaş aradan qaldırılır, qiymət siyasətinə düzəlişlər edilir. Bu da inkişafa gətirib çıxarır. Regionlarda otellərin sayının artması da buna işarədir ki, vətəndaşlarımız daha çox regionlarımızda istirahət etməyə üstünlük verirlər.

Azərbaycanın turizm potensialı təbii ki, tükənməzdir və bu baxımdan da yerli turistlərimiz Azərbaycanda istirahəti üstün tuturlar. Problemsiz sahə olmadığı kimi turizmdə də müəyyən çətinliklər var. Hal-hazırda otellərin sayının artırılmasına çalışırıq və qiymətlərin yalnız bundan sonra daha da yaxşı tənzimlənəcəyini görürük. Otellərin sayı nə qədər çox olarsa həm regionlarda, həm paytaxtda artıq hər bir turist öz büdcəsinə uyğun oteli seçərək orada rahat şəkildə istirahət edə bilər. Yəni ölkəmizdə kifayət qədər otellər var. Amma beşulduzlu otellərdən kənar, dörd ulduzlu, üç ulduzlu, iki ulduzlu otellərin sayını artırmalıyıq. Yeni qonaq evləri və hostellərin sayını artırmalıyıq ki, həm xaricdən gələn turistlər öz büdcələrinə uyğun otellərdə qala bilsinlər, həm də ki, yerli turistlərimiz, vətəndaşlarımız istədikləri büdcəyə uyğun otelləri tapa bilsinlər

Məlum olduğu üzrə insanların ən çox istirahətə yollandığı fəsil yaydır. Yaydan sonra insanlar işə başlayır və müəyyən dərəcədə başları öz işlərinə qarışır. Qış sezonunda da növbəti istirahət planlaşdırılır.

Qış fəsli, eyni zamanda, Yeni İl bayramına təsadüf etdiyi üçün, əsasən, insanlar bu zaman istirahətə üstünlük verirlər: "Həm də Yeni İldə daha çox qeyri-iş günlərinin olmasını nəzərə alsaq, həmin bu ərəfəyə istirahətlərini təyin edirlər ki, daha rahat şəkildə dincəlsinlər.

Hal-hazırdakı vəziyyətdə görürük ki, koronavirus pandemiyasından sonra insanlar artıq daxili turizmdən istifadə etməyə üstünlük verirlər. Daha çox bölgələrə üz tuturlar və həftəsonları bölgələrdəki otellərin doluluq səviyyəsinə nəzər saldıqda müşahidə edirik ki, bu, maksimum həddədir. Həftəiçi vaxtlarda da 50-60 faiz səviyyəsində doluluq müşahidə edirik.

Bu, onu deməyə əsas verir ki, vətəndaşlarımızın bir çoxu bölgələrimizdən razı şəkildə istirahət edirlər. Bu da sevindirici bir haldır ki, bölgələrimizi daha yaxşı tanıyırlar.

Bundan əlavə biz xarici ölkələri də nəzərə alsaq görərik ki, insanlar qışda 2 qrupa bölünür. Bir qrup insan dağ-xizək turizmini sevirlər və bunun üçün soyuq ölkələrə üz tuturlar. Bir qrup insanlar da daha çox ölkəmizdə soyuq olduğu üçün isti bölgələrə üz tuturlar. İsti bölgələr dedikdə, Dubay, Misir və Birləşmiş Ərəb Əmirlikləri nəzərdə tutulur.

Bundan əlavə Avropaya da üz tuturlar. Buranın bir çox ölkələrinə gediş-gəliş mümkündür. Daha çox səfər Monteneqroyadır. Son zamanlar bura üstünlük verilir.

Təbii ki, qardaş Türkiyə də vətəndaşlarımızın sevimli turizm məkanlarından biridir və hər zaman bu istiqamətə gediş olur. Bütün bunları nəzərə alsaq, vətəndaşlarımızın bir hissəsi xaricdə, daha çox hissəsi isə bölgələrimizdə istirahət etməyə üstünlük verir. Hal-hazırda da tur paketlərinin satışı davam edir. Dekabr ayı müddətində Şahdağ və Tufandağ kimi qış turizm komplekslərinə gedişlərin sayı çoxdur".

Ayşən Vəli