Son günlərdə bəzi dərmanlar niyə tapılmır? - ARAŞDIRMA

22 Dekabr 2022 16:03 (UTC+04:00)

Bir çox Avropa ölkələri indi təkcə enerji problemləri ilə yox, bir müddətdir ki, ən zəruri dərmanların tapılmaması ilə üz-üzə qalıb. Mövcud böhranlarla yanaşı, Qərb dünyasını dərman qıtlığı da əhatə edib. Fransada 85 adda dərmanın, o cümlədən parasetamol və antibiotiklərin, həmçinin antiseptik sabunların çatışmazlığı yaşanır.

Fransanın özündə istehsal olunan və ən məşhur dərmanlardan biri olan Efferalqanın çatışmazlığı səbəbindən Milli Dərman Agentliyi apteklərə əldə qalan preparatların satışını məhdudlaşdırmağa çağırıb. Dərman çatışmazlığının müxtəlif səbəbləri var. Məsələn, bəzi molekullar artıq istehsal olunmur, çünki onların istehsalı çox baha başa gəldiyindən dövlət istehsalçılara qiymətləri ödəməyi öhdələrinə götürmürlər.

Belə ki, hələ avqust ayında Britaniyada Müstəqil Apteklər Assosiasiyasının rəhbəri doktor Leyla Hanbek tədbir görülməsə sənayedəki böhranın qarşısını almaq mümkün olmayacağını xəbərdar etmiş və artıq problemlərin qeyd olunduğu dərmanların adını çəkmişdi. Bunlara antidepresanlar, ağrıkəsicilər, parasetamol, insulin iantibiotiklər və s. aiddir.

Bununla belə, "Teva" əczaçılıq şirkətinin rəhbəri Burckhardt etiraf edir ki, böhran tədarük zəncirlərinə də təsir edib: “Əvvəllər hər şey təhlükəsiz olduğu yerdə idi, indi böyük xərclərə düzəlişlər etmək lazımdır". O, Avropa qiymət sistemindən şikayətlənib: "Xammalın maya dəyəri artıb və yerli qanunlara görə qiyməti tənzimləmək mümkün deyil. Ona görə də istehsalçılar üçün məhsul istehsal etmək sərfəli olmur".

Planlaşdırma modelinin fəaliyyətinin dayandırılması bürokratik maneələr həyatınızı qurtaran dərmanların istehsalına maneə törədən ən başlıca amillərdəndir.

Bəs Azərbaycanda dərman çatışmazlığının qarşısı necə alınmalıdır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Son günlər ölkəmizdə də dərman çatışmazlığının əsas səbəbləri istehlak və istehsaldakı hazırkı durum, logistika xərclərinin artması və ən əsası daşıyıcılar tərəfindən düzgün siyasətin qurulmamasıdır. Ən başlıcası isə hazırda qiymət artımını tənzimləyəcək bir mexanizmin olmamasıdır.

Azərbaycanda bir çox sahələr üzrə işlər aparılıb irəliləyişlər olsa da, dərman sənayesində hələ də hansısa inkişaf müşahidə olunmur. İllərdir ki, həkimlərin təyin etdikləri və apteklərdə bizə təqdim olunan dərmanlar yalnız xarici ölkələrin istehsal etdikləridir. Amma ölkəmizdə dərmanların qiymətinin yüksək olması Azərbaycanda da bu sahədə yerli istehsalın vacibliyini ortaya çıxarır.

Sosial Sahə üzrə ekspert İlqar Hüseynli: "Ümumiyyətlə dərman preparatlarının ölkəmizdə çatışmazlığının ən böyük səbəbi məhz ölkəmizə dərman təchizatının 95 faizə yaxın idxaldan asılı olmasıdır. Təəssüflər olsun ki, Azərbaycan bu günə qədər əczaçılıq sahəsini inkişaf etdirə bilməyib və iri dərman istehsal edən zavodları yoxdur. Buna görə də prinsip etibarilə xarici ölkələrdən asılı vəziyyətdəyik və bunun çox riskli bir durum olduğunu qeyd etməliyik. Daha çox partnyorlarımız Türkiyə, Fransa, Rusiya, Ukraynadır. Sözsüz ki, dünyada xammal azlığının baş verməsi, qlobal problemlər də öz təsirini göstərir. O cümlədən Rusiya ilə Ukrayna arasında baş verən müharibədən sonra əczaçılıq zavodlarının fəaliyyətində ciddi problemlərinin yaranması ölkəmizə idxal imkanlarını azaldıb. Xeyli dərmanların çatışmazlığına gətirib çıxaran faktorlardan biri kimi bunu qeyd etmək olar.

Hətta Türkiyənin özünün daxili bazarının tələbatını ödənilməsində problemlər müşahidə etdik. Bu məsələ ilə bağlı Türkiyənin bir çox şəhərlərində araşdırmalar apardım və şahidi oldum ki, bəlli dərman preparatlarının xaricə ixracında limitlər tətbiq olunub. Bu ölkəmizə də öz təsirini göstərir. Həm də dərman preparatlarının qeydiyyatı kifayət qədər problemli məsələdir. Bu proses aylarla zaman aparır və hər 5 ildən bir qeydiyyatın yeniləməsi, yenidən qeydiyyata alınması arasındakı interval dərman bazarında çatışmazlığına gətirib çıxarır. Müxtəlif adda olan dərman preparatlarının tərkibindəki molekullar eynidirsə əvəzedicilərdən istifadə etmək olar. Düşünürəm ki, əczaçılıq zavodlarının tikilməsini və bu sənayenin inkişafını sürtləndirməliyik. Dərman preparatların qeydiyyatı ilə bağlı problemlər aradan qaldırılmalıdır. Ən azından eyni molekullu dərman preparatlarının qeydiyyatı beş il yox, 10 il həyata keçirilməlidir və prosedurlar sadləşdirməlidir ki, sahibkarlar asan yolla ölkəyə dərman idxal edə bilsinlər".

Havar Şəfiyeva