“İnsanları tanıdıqca, heyvanlara hörmətim artdı” KÖŞƏ

22 Dekabr 2022 15:48 (UTC+04:00)

Bəzən kimdənsə yanlışlığa, səhvə yol verənlər haqqında dediyi sözləri eşidirik: “Görən ağıl paylananda, bu insan harada imiş?”. Doğrudan da bu məsəlin hikməti, mənası çox böyükdür. İnsan olan Allahın ən ali varlığı sözü, əməli, işi, fəaliyyəti ilə digər canlı aləm təmsilçilərindən fərqlənməlidir. Ancaq elə kəsim var ki, bu fani dünyaya gəlib, haqq dünyasına qovuşana qədər ömrünü boş-boşuna keçirir, yanlışlıqlara yol verir, bir növ varlığı ilə yoxluğu bilinmir. Bəlkə də bu kateqoriyadan olan insanların mövcudluğuna göz yummaq olar. Deyə bilərik ki, -cəhənnəmə, özləri bilərlər. Ancaq fəlakət ondadır ki, bəzən yanlış həyat tərzi seçən insanlar cəmiyyətə hörmətsizlik edir, cinayət törədir, qaba və qeyri-etik hərəkətlərə yol verirlər. Təbii ki, bu da yanlış həyat seçən insanların yaxınlarına, əzizlərinə mənəvi və psixoloji cəhətdən mənfi təsir edir. Elə ailələr var ki, yaxınlarının qeyr-insanı davranışına görə, xəcalət çəkir, utanır, əksər hallarda doğulub boya-başa çatdığı kəndini, obasını, məhəlləsini tərk edir. Görünür, bu kimi hallara görədir ki, dahilərdən biri deyirdi ki, “insanları tanıdıqca, heyvanlara hörmətim artdı”. Haqlıdır. Bəli, vəhşi təbiət aləminin vəhşi heyvanları belə, öz həmcinsindən olan heyvana toxunmur, onu öldürməyə, yararsız hala salmağa çalışmır. Ancaq insan olan kəsim arasında elələri var ki, yüzlərlə həmcinsini öldürür, yaralayır, evini-eşiyini yağmalayır əl saxlamır, milyonları, milyardlara çevirib talan edir, gözü doymur. Dünyanın hər yerində özünə ev-eşik, malikanə alır, müxtəlif markalı bahalı maşınlara sahib olur, - daha bəsdir-demir, gözü yenə də axtarır. Bunlar öz yerində. Elə insanlar da olur ki, həyatından, yaşayışından, qohum-əqrəbasından, cəmiyyətdən, insanlardan, bir sözlə, yaranışından giley-güzar edir. Hər dəfə sözünü - bircə ölsəydim- deyə başlayıb, -o dünyada rahat yatardım - deməklə bitirir. Bununla insan olaraq bu dünyaya gəlişinə şükür edənlərdən olmur. Bu yerdə böyük yunan filosofu Kısamın öz həyatında baş verən hadisə düşür.- Deməli, böyük filosof Kısam çay kənarında növbəti gəzintisi zamanı bir anlıq dayanır, durur, fikrə gedir və ətrafına boylanır, gözlənilmədən oradan meşəyə odun yığmağa gedən bir qıza hücum edir. Kısam qoca, qız isə cavan və gümrah. Filosof qızla bacara bilmir və niyyəti baş tutmur. Təcavüzdən canını qurtaran qız kəndə qaçır, hay çəkib yaxınlarını və əhalini başına toplayır. Kısamın heç də xeyirxah və alicənab insan olmadığını söyləyir. Bildirir ki, qoca filosof ona təcavüz etməyə çalışıb. Kənd əhli də bu xəbərdən təəccüblənir, əllərinə yaba, balta götürüb, filosofu öldürməyə tələsirlər. Bu zaman kəndin ağsaqqalı gözləri qan tutmuş insanların qarşısına çıxıb, onları çətinliklə də olsa saxlayıb, deyir: Filosof belə iş tuta bilməz, burada nəsə müəmma var. Razılaşma əldə olunur ki, bu müəmmanı Kısamdan öyrənsinlər, qaneedici cavab olmasa, filosofu öldürsünlər. Beləcə yaxınlaşırlar filosofa. Sorğu-sualdan sonra Kısam asta səslə deyir: Yadınızda vardımı, mənim bir filosof dostum vardı. Hər kəs –hə, -deyir. Kısam sözünü davam edərək, bildirir- o dünyasını dəyişdi. Az öncə dostum mənimlə ruhən əlaqə saxladı, dedi ki, o yenidən dünyaya gəlməyə hazırlaşır. Xahiş etdi ki, ona kömək etsin, o dünyaya insan olaraq gəlsin. Məndən çox xahiş etdi, yalvardı. Mən də sonda məcbur qaldım, sağıma-soluma boylanıb, bu cavan qızı gördüm. Onun vasitəsi ilə dostumun yenidən bu dünyaya insan olaraq gəlməsinə kömək etmək istədin, lakin alınmadı. Kənd ağsaqqalları məsələni başa düşürlər və Kısama - nəsə etmək olar - sualını edincə, -artıq gecdir - cavabını eşidirlər. Niyə- sualına isə, Kısam: - görürsünüz, o talada otlayan iki eşşəyi, onların cütləşməsi nəticəsində təəssüf ki, dostum, insan olaraq deyil, heyvan kimi dünyaya gələcək.

Bəli, bizlər bu bəşər aləminə müxtəlif heyvan qiyafəsində gələ bilərdik. Ancaq şükürlər olsun ki, O mənim, sənin, bizlərin, ümumən bəşər hümmətinin insan olaraq fani hesab etdiyimiz bu dünyaya gəlməyimizə vəsilə oldu. Məhz insan olaraq dünyaya gəlməyimizə görə sevinib, şükür edənlərdən olmalıyıq.

İ.ƏLİYEV