Pasientlər hansı səbəblərdən aborta üz tutur? - HƏKİMLƏ MÜSAHİBƏ

22 Dekabr 2022 16:17 (UTC+04:00)

Cərrah mama-ginekoloq Ləman Əliyevanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Həkim olmağa necə qərar verdiniz? Bu barədə sizə kimsə məsləhət verib?

- Həkim olmağa qərar verənədək fərqli arzularım olub. Hətta uşaqlıqdan xüsusi bir dəftərim var idi ki, onun içində modaya aid şəkillər çəkir, xüsusi geyimlər hazırlayırdım. Uşaq vaxtı modelyer olmağı düşünürdüm. Amma müəyyən bir müddətdən sonra, yəni 9-10-cu siniflərdə həkim olmağa qərar verdim.

Məni həkim olmağa heç kəs məcbur etməyib. Düzdür, anam bu barədə mənə məsləhət verib. Lakin mən öz istəyimlə həkim olmuşam.

- Ailənizdə sizdən başqa həkim var?

- Maraqlısı da odur ki, ailəmizdə, hətta yaxın qohumların içərisində belə həkim yoxdur.

- Sizcə, uğurlu həkim kimdir? Ümumiyyətlə, çox pasienti olan həkim uğurlu hesab oluna bilərmi?

- İndi bu məsələ biraz mübahisəlidir. Həkimlik daha çox reklama bağlı bir sənət kimi inkişaf edir. Reklamı olan həkimin pasienti daha çox olur. Uğurlu həkimin kim olduğunu isə daha yaxşı pasientlər bilər.

- Abortlara qarşı münasibətiniz necədir?

- Abort bizim ölkəmizdə icazə verilən bir prosedurdur. Hər bir xanımın 12 həftəyə, yəni 3 ayına qədər uşağını aldırmaq imkanı var. Biz qanuna qarışa bilmərik. Yəni, buna icazə varsa və pasient də bizə yaxınlaşırsa, bunu bir həkim kimi etməliyik. Amma hər halda, mən də abort etmək istəməzdim. Lakin işimiz bunu tələb edir.

- Pasientlər daha çox hansı səbəblərdən aborta üz tutur?

- Səbəblər müxtəlifdir. İlk öncə deyim ki, mən cinsiyyətə görə olunan abortları etmirəm. Bu halla çox rastlaşıram. Amma inkişafdan qalma halları və qüsurlu döl abortlarını hər kəs etməlidir. Bəzilərinin isə 2-3 uşağı var və hamiləlikdən qorunmayıb, ona görə aborta müraciət edirlər.

- Süni mayalanma ilə doğulan uşaqların digər körpələrdən hər hansı bir fərqi var?

- Bu mənim şəxsi fikrimdir və mən süni mayalanma tərəfdarı olan həkim deyiləm. Bu proseduru etmirəm və mənə xoş təsir bağışlamır.

- Birinci uşağı abort etdirdikdən sonra növbəti dəfələrdə hamilə qalmaq olar? Çünki belə bir deyim var ki, “İlk uşağı abort etmək yaxşı deyil”. Burada hansı risklər var?

- Bunu əvvəllər deyiblər. Çünki elm və texnologiya o vaxtı inkişaf etməyib. Bu halda da abort zamanı uşaqlığın içini qaşıyır, zədə vururdular və düşünürdülər ki, bundan sonra xanımlar hamilə qalmaz. Amma indi bu prosedur çox müasir texnologiyalarla həyata keçirilir.

- Abort qiymətləri hansı aralıqdadır?

- Dövlət müəssisələrində olan qiymət barədə məlumatım yoxdur. Biz özəl müəssisə olduğumuz üçün ortalama məbləğ 250 manatdır.

- Xanımlar daha çox normal doğuşa, yoxsa keysəriyyə əməliyyatına üstünlük verirlər? Buna səbəb nədir?

- Çox təəssüflər olsun ki, üstünlük keysəriyyə əməliyyatından yanadır. Buna səbəb onların normal doğuşa psixoloji cəhətdən hazır olmamaları, qorxu hissi, kənardan eşitdikləri neqativ fikirlər, doğuş zamanı ağrı olacağı və s. Biz onlara başa salırıq ki, normal doğuş daha yaxşıdır.

- Sizin 4 övladınız var. Bəs, onlar normal doğuşla dünyaya gəlib?

- Bəli, 4 övladım da normal doğuşla doğulub.

- Narkotik istifadəçisi bir qadın dünyaya sağlam övlad gətirə bilərmi? Burada hansı risk faktorları var?

- Təbii ki, narkotik istifadəçisi bir qadın ana ola bilər. Amma hamiləlik boyunca narkotikin neqativ təsirlərini görəcəyiksə, bunu öncədən demək çox çətindir.

Bu qadınlar tam sağlam uşaq da dünyaya gətirə bilər. Bu şəxsin immunitet və orqanizminin güclülüyündən asılı olan birşeydir. Lakin gələcəkdə uşaqda hansı patologiyaya rast gələcəyimizi öncədən deyə bilmərik.

- Son zamanlar çoxuşaqlılıq dəbdir? Ailələr daha çox neçə uşağa üstünlük verir?

- Dəbdir deməzdim, amma ailələrdə son zamanlar çoxuşaqlılığa istək daha çoxdur. Minimum 3 və 4-cü doğuş üçün gələn pasientlərimiz var.

- Hamiləlikdən qorunmaq üçün dərialtı implantın insan orqanizminə hər hansı bir zərəri var? Bu prosedurdan hamı yararlana bilərmi?

- Bunun insan orqanizminə zərəri yoxdur. Bu halda ki, xanımın özünün bilinən xəstəliyi yoxdursa. Qadın sağlamdırsa, heç bir ziyan yoxdur. Amma yan təsirləri var. Mən bunu bütün pasientlərimə deyirəm ki, implantı taxdıqdan sonra mensturasiya düzənsizliyi olur. Belə ki, ya mensturasiya tamamilə azalaraq kəsir, ya da günlərlə axıntı şəklində davam edir. İmlantı çıxaran kimi mensturasiya öz yerini alır.

- Bəs, dərialtı implantda qiymət aralığı necədir?

- Mən əvvəllər bu proseduru çox ucuz edirdim. Çünki xaricdən özüm ucuz qiymətə alıb gətirirdim. Hazırda əlimdə yoxdur deyə, burdan almaq məcburiyyətindəyəm. Burada da satış qiymət baha olduğu üçün prosedur qiyməti 300 manatdır.

- Həkim olmaq istəyən gənc xanımlara məsləhətləriniz nələrdir? Uğurlu həkim olmaq üçün hansı yollardan keçməlidirlər?

- İndiki gənclər düşünür ki, universitet dövründə oxuyub, daha sonra yalnız praktika ilə həkim olacaqlar. Bu çox yanlışdır. Mütləq şəkildə işləyib öyrənməkdən əlavə, elmi bilik olmalıdır. Elmi bilik olmadan savadlı həkim olmaq mümkün deyil.

Mən, Azərbaycan Tibb Universitetini (ATU) 2005-ci ildə bitirmişəm. O vaxtlar xarici ölkələrdə təhsil almaq dəb deyildi. Mən sonradan Türkiyədə də təhsil aldım. Təhsil artırmaq çox önəmlidir.

- Övladlarınızdan birinin sizin yolunuzu davam etdirməsini istəyərdiniz?

- Düzünü desəm, istəmirəm. Lakin böyük oğlum bu il 11-ci sinifi başa vurur və tibbi seçib. Mən ona qarışa bilmərəm, arzusudur.

- Həkim olmağın hansı çətinlikləri var?

- Həkim olmağın stresi bir ömür bizə bəsdir. Normal doğuşda və hər hansı bir ginekoloji əməliyyatda onun stresi çox böyük olur. Hər şey həmişə yaxşı ola bilməz. Biz də hər hansı bir çətinliklə üzləşə bilərik. Bu qorxunu yaşamaq özü elə ən böyük stresdir”.

Ayşən Vəli