"Azərbaycan və Serbiya arasında münasibətlər getdikcə daha da dərinləşir. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin dinamikasını daha da artırır. Prezident İlham Əliyevin də söylədiyi kimi, həm Azərbaycan, həm də Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, əsas hədəf isə ikitərəfli əlaqələri daha da sürətlə inkişaf etdirmək və qəbul edilmiş qərarların vaxt itirmədən icrasını təmin etməkdir: "Burada əsas diqqət strateji tərəfdaşlığa dair imzalanan sənədlərə yönəlir. Bakı və Belqrad hər zaman bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Xüsusilə dünyada müşahidə olunan ədalət böhranı və ikili standartlar fonunda bu, olduqca vacibdir.
Dövlət başçılarının bəyanatından aydın oldu ki, heç kimin bu iki ölkəni qarşı-qayşıya qoymaq imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur".
Deputat sözlərinə davam edərək həmçinin, qeyd edib ki, iki ölkə eyni zamanda ticarət dövriyyəsini də artırmağı qarşıya hədəf qoyub: "Nəqliyyat-logistika sahəsində mövcud potensialı real nəticələrə çevirmək üçün birgə fəaliyyət davam edir.
Hər iki ölkənin ərazisindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçməsi bu sahədə effektiv birgə fəaliyyəti zəruri edir.
Qarşılıqlı maraq doğuran sahələrdən biri də energetika sektorudur ki, Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir. Tərəflər təbii qaz və elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanları da dəyərləndirir. Təsadüfi deyil ki, dövlət başçımız gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün praktik addımlarım atılacağını bəyan etdi. Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün imzalanan müvafiq saziş isə yaxın perspektivdə ölkəmizin köhnə qitədə cəlbediciliyini artırır.
Prezident Vuçiçin nitqində isə ən çox diqqət çəkən məqam Azərbaycanın təbii resurslarla zəngin olan ölkələrlə müqayisəsi oldu. Serbiya dövlət başçısı bunu ölkə rəhbərliyinin gücü, Prezident Əliyevin uzaqgörənliyi, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olması ilə izah etdi.
Bu, çox dəqiq izah idi. Doğrudan da müasir dövrdə ölkələrdə dayanıqlı sabitlik, təbii resursları səmərəli kapitala çevirmək birbaşa lider faktorundan asılıdır. Vuçiçin də söylədiyi kimi, Prezident Əliyev özü ilə bir çoxları arasında və dünya miqyasında Azərbaycandan daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bilib.
Bu gün Azərbaycan və Serbiya bütün əməkdaşlıq formalarını müzakirə edir. Dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra isə daha mühüm olan bəzi yeni əməkdaşlıq sahələri də açılqmaqdadır. Belə ki, Serbiya və Azərbaycan müdafiə sənayesi sahəsi ilə əməkdaşlığı və təcrübə mübadiləsini dərinləşdirir. Tərəflər hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməsi hər iki ölkənin bu sahədə daha böyük uğur qazanacağını deməyə əsas verir. Bu da indiki mürəkkəb şəraitdə təhlükəsizliyin təmin olunması baxımından olduqca vacibdir".