Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat konfransı keçirilib - YENİLƏNİB FOTOLAR

21 Dekabr 2022 17:56 (UTC+04:00)

Bu gün Mingəçevir şəhərində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının vitse-prezidenti Fərid Əmirov, federasiyanın baş katibi Fərhad Əliyev və mətbuat üzrə nümayəndəsi Vüsal Qurbanov iştirak edib. Konfrans federasiyanın baş katibi Fərhad Əliyevin 2022-ci ildə gördüyü işlər və 2023-cü ildə planlaşdırdığı layihələr haqqında qısa məlumatı ilə başlayıb. Daha sonra isə 2022-ci ildə görülən işlər barədə videoçarx nümayiş olunub.

Təqdim olunan videoçarxda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2022-ci ildə keçirdiyi yarışlar, əldə etdiyi nailiyyətlər, eyni zamanda növbəti il üçün planlaşdırılan layihələr haqqında məlumatlar əks olunub.

Konfransda mətbuat nümayəndələrinin suallarını cavablandıran federasiyanın baş katibi Fərhad Əliyev bildirib ki, Azərbaycanda avarçəkmə üzrə komandamız keçən əsrin 30cu illərinin axırından başlayaraq, 70ci illərdə artıq mühüm nəticələr göstərib: "Heydər Əliyevin dövründə bu idman növü inkişaf etməyə başlayıb. Hal-hazırda İlham Əliyev də onun yolunu izləyir və gənclərə dəstək olaraq bu işi davam etdirir.

Bu il ərzində federasiyanın bir sıra uğurlu tədbirləri və görüşləri baş tutub. Artıq Milli Olimpiya Komitəsi ilə danışıqlara başlanılıb. Gələn il üçün seminarlara başlanılacaq. Danışıqlar nəticəsində tarix bəlli olduqdan sonra biləcəyik ki, məşqçilər üçün bu seminarlar nə zaman keçiriləcək. Həmin seminarlarda xaricdən gələn məşqçilər iştirak edəcək. Artıq akademik avarçəkmə üzrə xarici məşqçimiz təyin olunub. Dünyanın ən yaxşı 10 məşqçisindən biridir. Bir neçə aydır bizimlə əlaqədədir. Eyni zamanda, məşqçilər arasında milli nümayəndələrimiz də var. Həm milli kadrlarla, həm də xarici mütəxəssislərlə çalışırıq. Hər birinin öz proqramı olsa da , biz bəzi zamanlarda onları bir yerdə təlimlərə göndəririk ki, təcrübələrini bir-birləri ilə bölüşsün".

Konfransda federasiyanın mətbuat katibi Vüsal Qurbanov da çıxış edib. O bildirib ki, Azərbaycanda avarçəkmə idman növü 2022-ci ildə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu: "İlk olaraq cari ilin əvvəlində Federasiyanın rəsmi adı və loqotipi dəyişdirildi. Beynəlxalq Kanoe Federasiyası və Beynəlxalq Avarçəkmə Federasiyasının tamhüquqlu üzvü olan Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı rəsmi olaraq dəyişdirilərək Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırıldı. Görüləcək işlər isə hələ qarşıda idi".

Mətbuat katibi sözlərinə davam edərək qeyd edib ki, hazırda AKAF növbəti böyük yarışın 2023-cü ilin may ayı üçün nəzərdə tutulan Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən ənənəvi “Prezident Kuboku” reqatasının təşkilinə hazırlaşır: "İstəyimiz avarçəkmə üzrə dünya və Avopa çempionatları kimi böyük yarışları ölkəmizdə təşkil etmək, bayrağımızı Olimpiya oyunlarında dalğalandırmaqdır".

Mətbuat konfransı jurnalistlərin baş katibə yönəltdiyi suallarla yekunlaşıb.