"AKAF 2023-cü ildə “Prezident Kuboku” reqatasının təşkilinə hazırlaşır - Federasiya rəsmisi AÇIQLADI

21 Dekabr 2022 17:35 (UTC+04:00)

"Azərbaycanda avarçəkmə idman növü 2022-ci ildə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. İlk olaraq cari ilin əvvəlində Federasiyanın rəsmi adı və loqotipi dəyişdirildi. Beynəlxalq Kanoe Federasiyası (International Canoe Federation - ICF) və Beynəlxalq Avarçəkmə Federasiyasının (International Rowing Federation - IRF) tamhüquqlu üzvü olan Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı rəsmi olaraq dəyişdirilərək Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırıldı. Görüləcək işlər isə hələ qarşıda idi". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanov mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, ilin birinci yarışı da elə ilin birinci ayında baş tutdu: "Yanvarın 29-da Gənclər Gününə həsr edilən “Gənclər kuboku” turniri təşkil olundu. Yarışlar Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən təmir edilən və hazırda bütün beynəlxalq standartlara cavab verən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutdu. Əsasən yeniyetmə və gənc avarçəkənlərin mübarizə apardığı turnirdə əsas məqsədlərdən biri Koronavirus Pandemiyası səbəbi ilə yaranan məcburi fasilədən sonra idmançıların hazırlıq səviyyəsinin yoxlanması idi. Akademik, kayak və kanoe növlərində 64 idmançının 16 medal dəst medal uğrunda yarışı maraqlı mübarizələrlə yadda qaldı.

(20 mart - 2022) Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının növbəti tədbiri Cənnət Qarabağımızda baş tutdu. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli tapşırıqlarına əsasən rəşadətli Azərbaycan ordusunun 44 günlük vətən müharibəsi zamanı işğaldan azad etdiyi ilk ərazilərimizdən olan Suqovuşanda təlim-məşq toplanışı təşkil edildi. Bu həm də Qarabağda təşkil edilən ilk genişmiqyaslı idman tədbiri idi. Novruz bayramı ərəfəsində baş tutan bu toplanışı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən izləməklə bizə böyük qürur yaşatdı. Bu diqqət ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə, idmana və idmançılara qayğısının göstəricisi idi. Prezident İlham Əliyev və birici xanım Mehriban Əliyevanın təlim-məşqi izləməsi yaşatdığı fərəh hissi ilə yanaşı məsuliyyətimizi də artırırdı".

Mətbuat katibi sözlərinə davam edərək bildirib ki, artıq qarşıda daha böyük hədəf, daha böyük məqsəd dururdu; işğaldan azad edilən tarixi torpaqlarımızda ilk beynəlxalq yarışın təşkili: "Qısa zaman ərzində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku -2022” beynəlxalq reqatanın hazırlıqlarına start verdi. Tarix bəlli, diqqət avarçəkmədə, gözlər isə Suqqovuşanda idi. Mayın beşində Mingəçevirdə Prezident Kuboku turnirinin rəsmi paradı və idmançıların şəhərin mərkəzi prospektində keçidi baş tutdu. Rəngli görüntülər, yol boyu düzülən şəhər əhalisinin coşğusu 1 gün sonra Qarabağımızda başlayacaq beynəlxalq turnirə olan böyük marağın xəbərçisi idi. 6 may tarixində ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku -2022” beynəlxalq reqatasının açılış mərasimi və yarışların ilk günü Suqovuşanda baş tutdu. Azərbaycanla yanaşı Gürcüstan, Moldova, Özbəkistan və qardaş ölkə Türkiyə komandaları dağların ətəyində yerləşən Suqovuşana təşrif buyurdu. Ümumilli lider Heydər Əliyevin təşəbbüsü əsasında təməli qoyulan Suqovuşan su anbarında 5 ölkədən idmançılar avarçəkmənin kayak və kanoe növlərində mübarizə apardı. Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medala sahib oldu.

Reqatanın ikinci günü, mayın 7-ində Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində iştirakçılar akademik avarçəkmə növündə mübarizə apardılar. Azərbaycan milli komandası 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazandı. Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci oldular. Hər iki ölkənin idmançılarına çempionluq kuboku təqdim edildi".

Vüsal Qurbanov vurğulayıb ki, “Prezident kuboku-2022” reqatasının bağlanış mərasimi də olduqca maraqlı alındı: "Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx su üzərində 3D effektli şou ilə təqdim edildi. Ardınca flaybordların möhtəşəm çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılandı, idmançılar tərəfindən səmaya dilək şarları buraxıldı. Konsert proqramı ilə davam edən tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vuruldu.

(1 iyun -2022) Uğurlu baş tutan reqatanın eyforiyasına qapılmayan federasiya özünün rəsmi saytını qısa zamanda tamamilə yenilədi. 1 iyun 2022-ci ildə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası rəsmi saytının (www.akaf.az) təqdimat mərasimi keçirildi. Bununla əlaqədar Dənizkənarı Milli Park ərazisində yerləşən “Kiçik Venesiya şəhərciyi”ndə mətbuat konfransı təşkil olundu. Həmçinin 1 iyundan etibarən bulvar ərazisində “Kiçik Venesiya şəhərciyi”ndə avarçəkmə məşqlərinin keçirilməsinə başlanıldı. Avarçəkmə artıq yenidən Bakı sularında idi.

(9 sentyabr - 2022) Federasiyanın əsas prioritetlərindən biri avarçəkməni regionlarda populyarlaşdırmaqdır. 9 sentyabr 2022-ci ildə Neftçala rayonunda təlim məşq toplanışının təşkili bu planlar daxilində idi. Avarçəkənlərin Axmaz göldə təlim-məşq toplanışı yerli sakinlər tərəfindən də maraqla qarşılandı. Milli komandanın Bakıdan və Mingəçevirdən olan üzvlərinin məşqinin ardınca neftçalalı yeniyetmə və gənclər avarçəkmə üçün nəzərdə tutulan təlim qayıqlarında avar çəkdi.

(21-23 oktyabr - 2022) 21-23 oktyabr tarixlərində AKAF növbəti beynəlxalq yarışı, həm də daha geniş miqyasda keçirdi. 50 ildən artıq tarixi olan Mingəçevir Reqatası yenidən bərpa olundu. İlk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən Mingəçevir Reqatasında Azərbaycanla yanaşı daha 12 ölkədən 150-dən artıq idmançı iştirak edirdi. Reqatanın açılış mərasimi oktyabrın 21-də Suqovuşanda start götürdü. Turnirin birinci günündə Suqovuşanda kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlərdə qaliblər müəyyənləşdi. Növbəti iki günündə yarışlar Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam etdi. Avarçəkənlər 500 metr məsafədə kayak-kanoe, 500-1000-1500 metr məsafədə isə akademik növdə mübarizə apardılar. Yekun nəticələrə əsasən Azərbaycan komandası yarışı 5 qızıl, 11 gümüş, 10 bürünc olmaqla ümumilikdə 26 medalla başa vurdu. Bu nəticə ilə idmançılarımız yalnız Türkiyə komandasından geri qaldı.

Ölkəmizdə təşkil olunan yerli və beynəlxalq yarışlarla bərabər Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2022-ci ildə xaricdə keçirilən yarışlarda da yığma komandanın üzvlərinin iştirakını təmin etdi. Yerli yeniyetmə və gənclərin beynəlxalq arenada mübarizə aparması onlar üçün həm də böyük təcrübə oldu. Əlbəttə qazanılan medallar, əldə olunan titullar da var idi. Xüsusən yığma komandamızın üzvü akademik avarçəkən Diana Dimçenkonun Dünya və Avropa çempionatlarındakı uğurları avarçəkmədə olan medal kolleksiyamızı zənginləşdirdi. Dimçenko oktyabrın əvvəlində Uelsin Pembrukşir şəhərində keçirilən dünya çempionatında gümüş medala sahib oldu. Bir ay içərisində Dimçenko Avropa çempionatının qızıl medalını da qazandı. İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında Diana bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. O, həm də final yürüşündə Dünya rekordunu yeniləyərək tarixə düşdü. Ardınca növbəti beynəlxalq yarış - Silver Skiff turnirində Diana 2-ci yer tutdu. Daha bir akademik avarçəkənimiz Bəhmən Nəsiri də ildə yığma komandamızın aktivinə qızıl medal yazdırmağı bacardı. Nəsiri Türkiyənin adıyaman şəhərində təşkil edilən avarçəkmə marafonunda 42 kilometr məsafəni bütün rəqiblərindən öndə başa vuraraq çempionluq sevinci yaşadı.

(3 dekabr - 2022) Federasiyası Xəzər dənizində də avarçəkmə idman növünü yenidən bərpa edir. 2022-ci il dekabrın 23-də Xəzərdə ilk test yürüşü təşkil edilib. Yaxın gələcəkdə Xəzər dənizində avarçəkmə üzrə müxtəlif təlim-məşq toplanışları, yarışların təşkili planlaşdırılır ki, bunun nəticəsində Bakıda avarçəkmə idman növü daha da populyarlaşaraq gənclər və yeniyetmələr üçün əlçatan olacaq. Paytaxt Bakıda əhalinin daha çox yaşadığını nəzərə alsaq, bu addım gələcəkdə milli komandanın formalaşdırılmasında da mühüm rol oynayacaq. Onu da bildirək ki, Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq 1930-cu illərin sonundan məhz Xəzər dənizində məşğul olunmağa başlanıb.

Hazırda AKAF növbəti böyük yarışın 2023-cü ilin may ayı üçün nəzərdə tutulan Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən ənənəvi “Prezident Kuboku” reqatasının təşkilinə hazırlaşır. İstəyimiz avarçəkmə üzrə dünya və Avopa çempionatları kimi böyük yarışları ölkəmizdə təşkil etmək, bayrağımızı Olimpiya oyunlarında dalğalandırmaqdır".