Aksiyanın obyektivliyi

21 Dekabr 2022 17:07 (UTC+04:00)

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ekoloji terroru dayanmadan davam edir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarı ekoloji fəsadlar törətməkdədir. Bununla əlaqədar, baş verənlərlə bağlı Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər, vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Azərbaycanlılar tərəfindən Qarabağda keçirilən etiraz aksiyası cari ayın 12-sindən bəri, günlərdir ki, davam edir. Bununla əlaqədar vətəndaş cəmiyyəti nümayəndələrinin beynəlxalq və milli qanunvericiliyə müvafiq olaraq dinc şəkildə həyata keçirdiyi aksiyaya Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin mane olma cəhdlərini qəti şəkildə pisləyir, onları Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun fəaliyyət göstərməyə dəvət edir. Bir məsələni də xüsusilə vurğulayaq ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, ekofəallarımızın bu aksiyasına da, yalan don geyindirib beynəlxalq aləmə sırımağa çalışır, bu aksiyada hərbçilərimizin iştirak etdiyini iddia edirlər. Lakin Şuşa-Laçın yolunda keçirilən bu aksiya heç bir siyasi məqsəd güdmür, ictimaiyyət nümayəndələrimiz haqlı olaraq separatçı rejimin torpaqlarımızda qanunsuz istismarına son qoyulmasını tələb edirlər.

Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti, vandallıq, ekoloji terror göz qabağındadır. Təcavüzkar ölkə 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra da belə çirkin əməllərindən əl çəkmir. Artıq bir neçə gündür davam edən aksiyada iştirakçılar səsucaldıcılarla "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarları səsləndirir, Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş rus sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Etiraz aksiyasında səsgücləndiricilər vasitəsilə vətənpərvərlik ruhunda mahnılar səsləndirilir. Etiraz aksiyasında iştirak edən aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvlərinin keçirdiyi aksiya səbəbi bəllidir, dini və ya etnik zəmində deyil. Etirazlar zamanı heç bir rasizm və nifrət şüarları səsləndirilməyib. “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyaları tamamilə dinc xarakterli olduğu üçün sülhməramlılar prosesə müdaxilə edə bilməz.

Hava şəraitinin soyuq olmağına baxmayaraq Azərbaycan xalqı əzm və iradə göstərək bir dəqiqə olsun belə etirazlara ara vermir, Azərbaycanın haqlı olaraq səsini dayanmadan, bütün dünya arenasına çatdırmağa davam etməkdədir. Hal hazırda davam edən aksiyada “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!” şüarlarını səsləndirməyə davam edir, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə sərvətimizin talan olunmasına qarşı müxtəlif şüarlar səsləndirirlər.

Amma ermənilər anlamalıdır ki, azərbaycanlı fəallar qanunsuz tələblər irəli sürmürlər. Bütün istəklər qanun çərçivəsində səsləndirilir və reallaşdırılması üçün çağırışlar edilir. Çünki ölkəmizin təbii sərvətlərinin talan edilməsinə son qoyulmalıdır. İstər Ermənistan, istərsə də ona bu işdə kömək edən qüvvələr ərazilərimizdə qanunsuz davranışları dayandırmalıdır. Əks halda Azərbaycan vətəndaşları öz haqlı etirazlarına davam edəcək. Sülməramlılar isə öz vəzifə borclarını yerinə yetirməli, ermənilərin faydalı qazıntı yataqlarımızı qanunsuz istismar etməsinə imkan verməməlidirlər. Həmçinin təxribatçı, cinayətkar şəxslərin Qarabağ gəlməsinə şərait yaratmamalıdırlar. Sülhməramlılar bu problemləri həll edə bilmirlərsə, nəyə görə Qarabağda müvəqqəti məskunlaşıblar? Əgər onlar bacarmırlarsa, Azərbaycan ərazilərini daha tez tərk edəcəklər.

Arzu Əliyeva

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı