Duzu iylənən dünya

21 Dekabr 2022 16:27 (UTC+04:00)

Biz həqiqətən yüksək intellektli millətik. Heç o yana, bu yana vurnuxmaq lazım deyil, intellektli olmağımızı təsdiqləmək üçün təkcə atalarımızın bizlərə miras qoyub getdiyi hikmətli kəlamları xatırlamaq kifayətdir. Hansı mövzuda söz açıb danışmaq istəsən, həmin movzuya uyğun hikmətli kəlamlar, yəni atalar sözlərimiz yada düşür. Elə indi də istədim dünyanı çulğayan bir mövzudan söhbət açım, dərhal atalarımızın məşhur kəlamı yadıma düşdü: “Ət iylənsə duzlamalı, duz iylənsə neyləməli?”.

Çox müdrikcəsinə deyilmiş kəlamdır, deyilmi? Son illər maddi imkanlarımızın yaxşılaşmasındandır ki, hamımız daha çox ət xörəkləri yeməli oluruq. Həm də əvvəlki vaxtlar kimi, daha 200-300 qram ət alıb, həmin gün də bişirib yemirik. Beş, bəzən on kiliqram ət alıb qoyuruq soyuducuya və başlayırıq xımır-xımır yeməyə. İşdi, soyuducumuzda problem yaranarsa, ətimiz iylənərsə, duzlayıb bir-iki saat saxlayırıq və sonra yenə bişirib həzmi-rabedən keçiririk. Vay o günə ki, duzumuz iylənsin, o zaman duzu neyləməliyik, bilmirəm.Siz allah bağışlayın e... Məqsədim kulinariya dərsi keçmək deyil. Sadəcə, istədim ətlə duz haqqında babalarımızın dediyinin fəlsəfi mahiyyətindən əvvəl, gerçək mənası haqqında təsəvvür yaradım. İndi gələk mövzumuza. Bu Avropa deyilən qos-qoca qitə yüz illərdir ki, dünyanın ən inkişaf etmiş ölkələrinin cəmləşdiyi qitə kimi tanınır. Düzdü, çox şeyləri bizdən, yəni şərqdən oğurlasalar da, ən azı oğurladıqlarını daha mükəmməl bəzəyib-düzəyib dünya üçün etalona çeviriblər. Məsələn, dünyada ilk konstitusiyalı dövlət idarəetmənin əsasını VII əsrdə islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.) qoysa da, belə dövlətçilik ənənəsinin əsasını avropalıların qoyduğunu deyirlər. İlk sosial cəmiyyət haqqında fikirlər XII əsrdə yaşayıb-yaratmış şərqin ölməz dühası Nizami Gəncəviyə məxsus olsa da, XIX əsrdə avropada yarandığı iddia edilir.

Xülasə, qəmləri kəm, biz ideya veririk, avropa da onu bəzəyib-düzəyib dünyaya nümunə kimi təqdim edir. Düz 300-400 ildir ki, bu, belədir və son əsrdə isə əndazədən çıxıb. Bütün dünyaya deyirlər ki, hamı gərək ölkəni avropalılar kimi idarə eləsin, gərək hamı demokratik idarıetmə yaratsın, gərək hamı rüşvətdən-flandan imtina eləsin və s. Hələ bəzi-bəzi biabırçılıqları demirəm, yəni eyni cinsdən olanların bir-biri ilə evlənməsi, cinsi azlıqların hüquqlarının tanınması kimi... Avropanın çoxlu-çoxlu belə əndrabadi işləri olsa da, etiraf etməliyik ki, bir sıra məsələlərdə həqiqətən etalondur və dünyanın bütün ölkələri belə məsələlərdə avropaya oxşamaq istəyir. Hansı ölkədə demokratiya, insan haqları, söz, mətbuat azadlığı sahəsində bir axsama olursa, o saat üzün tutur avropaya. Yəni ət iylənəndə duz səpdiyimiz kimi, cəmiyyətdə bir “iylənmə” olursa, avropanı “duz” kimi istifadə edir və problemi həll etməyə çalışırıq. Di gəl son vaxtlar avropadan elə iyli-qoxulu xəbərlər gəlir ki, artıq duz rolu oynaya bilməyəcəyini, yəni duz olmasına rəğmən özünün çox pis qoxu verdiyini, el dilincə desək iyləndiyini görüb, burnumuzu tutub qaçmağa məcbur oluruq. BMT Təhlükəsizlik Şurasının üzvü olub da, dünyanın guya təhlükəsizliyini qorumalı olan firənglərin sərgilədikləri rüsvayçı mövqe hamını mütəəssir etdiyi, Korsika xalqının azadlıq istəklərinə ən vəhşi üsullarla qarşılıq verdiyi halda, Azərbaycanda beş-altı min dığaya azadlıq tələb etdiyi bir zamanda, Fransanın da təmsil olunduğu Avropa İttifaqında biabırçı rüşvət, korrupsiya qalmaqalı xəbəri bütün dünyanı çulğadı.

Ən dözülməzi də odur ki, firəng deputatlar kimi, xəritədə yerini bilmədikləri ölkələr haqqında gündəmdə olan məsələlərə, məhz rüşvət sayəsində verilən göstərişlərə uyğun “hə”, “yox” deyirlər. İndi gəl avropa deyilən bu qos-qoca qitənin ədalətsizliyinə döz. Amma dözmək məcburiyyətində olmaya da bilərik. Necəsini indi deyim, siz də bilin. İylənmiş duzu aparıb suda yuyub, qurudub, çox hissəsi əriyib yox olsa da, qalan hissəsinin iy-qoxusunu təmizləmək mümkün olduğu kimi, avropanın da yuyulub, kir-pasının tökülməsinə ehtiyac var. Necə? Bax onu BMT-dən, ABŞ-dən və Çindən soruşmaq gərək...

Təhmasib Novruzov