Vətən müharibəsi zamanı Şuşa şəhərinin düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlər 2020-ci il 4 noyabr tarixində başlamışdı. Müzəffər ordumuz 4 günlük mübarizədən sonra məhz 7 noyabr tarixində Şuşa şəhərini tam şəkildə işğaldan azad etdi. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra burada 2 il ərzində görülən yenidənqurma işləri ilə tanış olmaq üçün Şuşa şəhərinə yollandıq.

Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz olan Şuşada da quruculuq işləri davam etdirilir. 28 il erməni işğalında qalandan sonra 2020-ci il noyabrın 8-də düşməndən azad edilən Qarabağın Xan şəhəri Şuşanın dağıdılmış bir sıra tarixi binaları, yaşayış evləri, abidələri restavrasiya olunur. Azad Şuşanı əvvəlki görünüşünə qaytarmaq, bərpa etmək üçün artıq işlərə başlanılıb.

Bununla əlaqədar olaraq Dövlət başçısının tapşırıqlarına əsasən 30 il bundan öncə Şuşa mövcud olmuş məscidlərimiz, məktəblər yenidən inşa olunur. Qısa zaman çərçivəsində Şuşada İcra Hakimiyyətinin binası, hərbi hissə, mağazalar, otellər təmir olunub. Sakinlərin tezliklə qədim Şuşaya qayıtması üçün bütün işlər sürətlə davam etdirilir.

Azadlıq ruhu aşıb-daşan Şuşamızda gəzmək insana bir növ qürur verir. Təbii ki, burada doğulan, yaşayan insanlar üçün Şuşa tamam başqa bir aləmdir. Biz də Şuşada olarkən 1984-cü illərdə burada təhsil alan tanınmış siyasi-ekspert, “Resurs” İctimai Birliyinin sədri Rasim Quliyevlə tanış olduq. Söhbət əsnasında məlum oldu ki, Rasim Quliyev 30 ildən sonra ilk dəfədir ki, Şuşaya ayaq basır. Təbii ki, bu hal bizim üçün xoş bir təsadüfə çevrildi.

Rasim Quliyevin sözlərinə görə, o 1984-cü ildə Şuşa şəhərində Fizika-Riyaziyyat təmayüllü məktəbdə təhsil alıb: “O zamanlar Şuşa şəhəri tamam başqa cür idi. Düşünürəm ki, bunun əsas səbəbi bizim həmin illərdə Sovet İttifaqının tərkibində olmağımızdan irəli gəlirdi. Ona görə də həmin dönəmlərdə burada milli ruh o dərəcədə də hiss olunmurdu. Düzdür, Şuşa hər zaman Azərbaycan ruhu ilə döyünüb. Burada daima biz milli ruhumuzu hiss etmişik. Çünki Şuşa bizim milli mədəniyyətimiizn beşiyidir. Mən əminəm ki, heç bir azərbaycanlı Şuşanın 30 il işğal altında qalmasını gözləmirdi. Mən bir il ərzində burada oxumuşam. Lakin hər zaman Şuşanın yeri məndə bir başqa olub. Məhz bu səbəbdən bir şuşalının keçirtdiyi hissləri mən də yaşayıram. Bu gün 30 ildən sonra Şuşa torpağına ayaq basarkən bütün uşaqlığım, məktəbli illərim, sinifyoldaşlarım hər biri gözümdə canlandı. Mən gəldiyimdən bəri Şuşanı küçə-küçə gəzirəm.
Cıdır düzünə də getdim onda anladım ki, mənim uşaq vaxtımda gəzdiyim Cıdır düzü deyil. Ona görə ki, işğaldan azad olunmuş Cıdır düzündə bizim qeyrətli və cəsur əsgərlərimizin qanları var. Onlar məhz bu torpaqlar uğrunda canlarından, qanlarından keçərək vuruşublar. Bizim müzəffər ordumuzun igidləri bu qayaları, dağları çıxaraq bizim əzəli və əbədi torpaqlarımızı geri qaytarıblar. Buna görə də Şuşa bizim üçün daha əziz, cıdır düzü isə daha müqəddəsdir. Azərbaycan övladı bu günkü gün öz Şuşasına sahib çıxdı. Şükürlər olsun ki, Ali Baş Komandanımız hər zaman olduğu kimi bu gündə öz xalqının yanındadır. Şuşanın fəth olunmasında hər bir azərbaycanlının ürəyi var”.

Rasim Quliyev 30 il ərzində işğal altında qalmış Şuşanın inkişaf baxımından geri düşdüyünü vurğulayıb: “Hazırda Şuşanın yenidən qurulması istiqamətində böyük proyektlər icra olunur. Artıq burada quurculuq işləri görülərək yaxın zamanda canlı muzey yaradılacaq. Artıq burada yaratdıqlarımızdan sonra Şuşa bizim əsərimiz olacaq. Sözsüz ki, Şuşa Azərbaycanın memarlıq abidəsidir. Şuşa öz tarixiliyi ilə bizim müasir standarlarımız cavab verən bir şəkildə qorunub saxlanılacaq. Bütün bunların hamısı təbii ki, qürürverici bir haldır.