"İlin sonunda təqvim planına baxıldıqdan sonra büdcənin artırılıb-artırılmayacağına qərar veriləcək. Bildiyiniz kimi, gələn il Olimpiya oyunlarının axırıncı ilidir, ona görə də bu məsələyə daha diqqətli yanaşacayıq. Çünki olimpiya yarışları kifayət qədər pul tələb edir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat konfransında Fərhad Əliyev deyib.
F.Əliyev sözlərinə davam edərək qeyd edib ki, artıq Milli Olimpiya Komitəsi ilə danışıqlara başlanılıb: "Gələn il üçün seminarlara başlanılacaq. Danışıqlar nəticəsində tarix bəlli olduqdan sonra biləcəyik ki, məşqçilər üçün bu seminarlar nə zaman keçiriləcək. Həmin seminarlarda xaricdən gələn məşqçilər iştirak edəcək. Artıq akademik avarçəkmə üzrə xarici məşqçimiz təyin olunub. Dünyanın ən yaxşı 10 məşqçisindən biridir. Bir neçə aydır bizimlə əlaqədədir. Eyni zamanda, məşqçilər arasında milli nümayəndələrimiz də var. Həm milli kadrlarla, həm də xarici mütəxəssislərlə çalışırıq. Hər birinin öz proqramı olsa da , biz bəzi zamanlarda onları bir yerdə təlimlərə göndəririk ki, təcrübələrini bir-birləri ilə bölüşsün".