Qazaxıstan "Drujba" boru kəməri ilə Almaniyaya neft göndərə biləcəklərini təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qazaxıstan Dövlət Neft və Qaz Şirkətinin (KazMunayQaz) İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin parlament katibi Mixael Kellner ilə videokonfrans vasitəsilə görüşüb.
Paytaxt Astanada olan Almaniya Sol Partiyası Bundestaq üzvü Kristian Görkenin də iştirak etdiyi görüşdə tərəflər Qazaxıstan neftinin Şvedt şəhərindəki neft emalı zavoduna ixracını müzakirə ediblər.
“Müqavilə və texniki məsələlər həll olunmalıdır”
Görüş zamanı Almaniya tərəfi Şvedt neft emalı zavodunun ölkənin şərqində yerləşən Brandenburq əyalətinin iqtisadiyyatının “ürəyi” olduğunu və Qazaxıstandan “Drujba” kəməri ilə neft emalı zavodunu sabit xammalla təmin etmək istəyini ifadə edib.
Mirzəqaliyev Qazaxıstan neftinin "Drujba" kəməri ilə Almaniyaya çatdırılmasının mümkünlüyünü də təsdiqləyib, lakin müqavilə və texniki məsələlərin həllinə ehtiyac olduğunu qeyd edib.