2022-ci ilin artıq son günlərini yaşayırıq. Paytaxt Bakının bayram abu-havasında bəzədilməsi də bizə Yeni İlin yaxınlaşdığını xatırladır. Hər kəs bayrama hazırlaşdığı kimi, istirahətimiz üçün ən zövqlü yer olan teatrlarımız da bayram üçün hazırlıq görməyə başlayıb. SİA olaraq teatrlarımızda bayram günlərinin necə keçəcəyini araşdırdıq:
Akademik Milli Dram Teatrında Yeni İl şənliyi 24 dekabr- 5 yanvar tarixlərində təşkil olunacaq. Eyni zamanda kiçik dostlarımız üçün “Məlikməmməd” tamaşası da hazırlanır. Biletlərin qiyməti isə 10 manat təşkil edir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 27 dekabr 2022-ci il tarixindən - 04 yanvar 2023-cü il tarixinədək gündə dörd seans (saat 10:30, 12:30, 14:30 və 16:30-da) maraqlı və macəra dolu "Yeni il" şənliyi nümayiş olunacaq.
Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcəklər. Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar. Eyni zamanda kollektiv sifarişlərin qəbul olunduğu da bildirildi.
Yeni İl bayramını böyük bir həyəcanla gözləyən kiçik tamaşaçıların sevimli məkanı Kukla teatrı da bayram üçün hazırlıqlara başlayıb. Belə ki, dekabr ayının 26-dan yanvar ayının 8-i də daxil olmaqla Azərbaycan Dövlət Kukla teatrında səhnəyə qoyulacaq Yeni il tamaşası hazırlanır. Tamaşa Hans Xristian Andersenin "Qar Kraliçası" nağılı əsasında hazırlanır və "Qar Kraliçası"nın Yeni il məcaraları adlanır. Tamaşanı səhnələşdirən və quruluşçu rejissor Anar Məmmədov, quruluşçu rəssam isə İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada bir çox klassik musiqilərdən istifadə olunub. Bu tamaşada uşaqlarımız tam fərqli səhnə görəcəklər. Eyni zamanda Yeni ilin sevimli personajları onların əyləncəsini daha da rəngli edəcək. Biletlərin qiyməti isə dəyişməz olaraq qalır, 3 manatdır.
Dekabrın 30-da S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “İkinci əl, ya da Şaxta baba istintaqa başçılıq edir” adlı Yeni il tamaşası təqdim olunacaq. Olqa Lifintseva tərəfindən yazılmış uşaqlar üçün macəra hekayəsidir, rejissoru isə Emin Mirabdullayevdir.
Balaca tamaşaçılar uşaqların xəyalları və fantaziyaları dünyasına heyrətamiz səyahət edəcəklər! Yeni il ərəfəsində Maşanın başına gələn qeyri-adi macəra balaca izləyicilərimizi və onların valideynlərini laqeyd qoymayacaq. Biletlər isə teatrın kassalarında və şəhərin mərkəzləşdirilmiş kassalarında satılır.
Gənc Tamaşaçılar teatrında isə Yeni il ilə bağlı yeni bir tamaşa hazırlanmayıb. Teatrın repertuarında olan uşaq tamaşaları yeni il günlərində tamaşaçılarımıza göstəriləcək. Hansı ki, bu tamaşalar dekabr ayının 28-dən, 2023-cü il 4 yanvar tarixlərinə qədər davam edəcək. Biletlərin qiyməti isə 6 manat təşkil edir.